Qərbin oyunudur

Sarkisyanın istefasının “məhdud səlahiyyətlə” əlaqələndirilməsi ciddi səbəb deyil

"Görünür, Qərb Paşinyanın vəzifədən getməsi halında onun yerinə “öz adamını” hazırlayır"

Prezident Armen Sarkisyanın bazar günü istefa verməsinin səbəbləri barədə Ermənistanda spekulyasiyalar yayılır. Bəzilərinə görə, Sarkisyanın istefası Azərbaycan və Türkiyə ilə barışıq istiqamətində Ermənistan hökumətinin qəbul edə biləcəyi güzəştlərlə bağlıdır. Məsələn, parlamentdəki müxalif fraksiyanın sədri Seyran Ohanyan deyib ki, Sarkisyan yeni sənədlərə imza atmamaq üçün istefa verməyə məcbur qalıb. Digərlərinə görə isə o, yeni partiya lideri kimi fəaliyyətə başlaya bilər. Sarkisyan xarici siyasət və diaspor sahəsində çalışan, eyni zamanda Ermənistanın ərəb ölkələri ilə əlaqələrini inkişaf etdirən siyasətçi idi. Digər tərəfdən, onun İngiltərə, Vatikan və bir sıra ərəb ölkələri ilə yaxşı münasibətləri var idi. 

O səbəbdən istefası təəccüblə qarşılanır. İstefa qərarından sonra Armen Sarkisyanın həbs oluna biləcəyi xəbərləri də yayılmaqdadır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin postundan istefa vermiş Armen Sarkisyanla bağlı araşdırmaya başlayacağı deyilir. Deyilənə görə, Sarkisyan prezident seçilənə qədər Sent-Kits və Nevis dövlətinin vətəndaşı imiş. Xatırladaq ki, 2021-ci ilin aprelində Ermənistan Baş Prokurorluğu Armen Sarkisyanın başqa ölkə vətəndaşı olması ilə bağlı cinayət işi açmışdı. Ermənistan konstitusiyasına görə, xarici ölkə vətəndaşlığı olan şəxs dövlət başçısı seçilə bilməz. Sarkisyanın vəzifəsindən istefa verməsi ölkədə yeni konstitusiyanın qəbulu məsələsini də aktuallaşdırıb. Sarkisyan istefasını belə əsaslandırıb ki, Ermənistanın mövcud konstitusiyası prezidentə hadisələrə təsir göstərmək və ciddi qərarlar qəbul etmək imkanı vermir. Ekspertlərə görə, Sarkisyanın bu addımı konstitusiyasını çoxdan dəyişərək, özü prezident olmağa çalışan Paşinyanın istəyinə “yaşıl işıq” yandırmış olur. Bu məqamı nəzərə alan siyasi şərhçilər hesab edirlər ki, Paşinyan özünün prezidentliyə yolunu açmaq üçün Sarkisyanı müxtəlif vasitələrlə istefaya məcbur edib. 

Politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Ermənistan prezidenti Sarkisyanın istefasının “məhdud səlahiyyətlə” əlaqələndirilməsi ciddi səbəb deyil. Ekspert bildirib ki, parlament onu bu vəzifəyə seçəndə Sarkisyan hansı hüquq və vəzifələrə sahib olacağını böyük ehtimalla yaxşı bilirdi: 

“Əslində Sarkisyan bu vəzifədə heç də az iş görmürdü. O, prezident kimi Fransaya, Kiprə, Birləşmiş Ərəb Əmirliklərinə səfərlər etmişdi. Ermənistanla diplomatik əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atmışdı. Prezidentlik səlahiyyətlərindən maksimum istifadə etmişdi. Ancaq baş nazirin qərarlarına veto qoymaq və ya təsdiq etmək funksiyası simvolik xarakter daşıyırdı. Prezident hansısa qərara veto qoysa belə parlament onu rədd edə bilirdi. Hesab edirəm, istefanın səbəblərini Ermənistan daxilindəki proseslərdə axtarmaq lazımdır. Sarkisyanın Paşinyanla qarşı-qarşıya gəldiyi məqamlar çox olub. Xatırlayırsızsa, Sarkisyan keçmiş müdafiə nazirinin çıxarılmasına veto qoymuşdu və baş nazirin əleyhinə danışmışdı. Sarkisyan və Paşinyan qərbyönlü siyasətçi kimi tanınırlar. Paşinyan “Sorosçu”dur, Sarkisyan isə İngiltərə vətəndaşlığını daşıyıb. Amma onlar bir-birilərinə qarşı fiqurlar kimi təqdim olunublar. Bunun Qərbin oyunu olmaq ehtimalı yüksəkdir. Görünür, Qərb Paşinyanın vəzifədən getməsi halında onun yerinə “öz adamını” hazırlayır”. 

A.Qasımova görə, konstitusiyaya dəyişikliklər yeni seçkilər və təlatümlər deməkdir:

 “Ermənistanın indiki durumunda seçki qarşıdurmasının nəticəsi pis ola bilər. Paşinyanın növbəti seçkidən necə çıxacağı da məlum deyil. Riskə getmək Paşinyan üçün məqbul sayılmır.  Onsuz da Ermənistanın gələcəyi hansısa erməni siyasətçisinin qərarlarından yox, ətraf dövlətlərin istəklərindən asılı olacaq. O baxımdan Sarkisyanın İngiltərədə sakit və təhlükəsiz həyat sürməsi, Ermənistanda qalıb başını ağrıtmaqdan daha məqsədəuyğundur”.