Putin Türkiyəyə səfər edəcək! - “Ankaranın vasitəçiliyi ilə Ukrayna böhranı...”

“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib. Epidemioloji vəziyyət və liderlərin iş qrafiki imkan verən kimi, Putin Türkiyəyə səfər edəcək”.
Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib.

Qeyd edək ki, R.T.Ərdoğan bir neçə gün əvvəl V.Putini Türkiyəyə səfərə dəvət edib.

İki ölkə lideri arasında baş tutacaq görüşü “Sherg.az”a təhlil edən siyasi analitik Elçin Xalidbəyli bildirib ki, əsas məqsəd Türkiyənin vasitəçiliyi ilə Ukraynadakı böhranı nizamlamaqdır:

“Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə nəzərdə tutulan səfəri prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə bağlıdır. Belə ki, prezident R.T.Ərdoğan yalnız Kreml sahibi V.Putini deyil, Ukrayna lideri Vladimir Zelenskini də Ankaraya dəvət edib. Bu səfərdə əsas məqsəd Türkiyənin vasitəçiliyi ilə Ukrayna böhranının nizamlanmasına nail olmaqdır. Ancaq Türkiyə prezidentinin vasitəçiliyi ilə Rusiya və Ukrayna liderlərinin nə vaxt görüşəcəkləri hələlik məlum deyil. Düzdür, Ukrayna prezidenti Türkiyəyə səfəri dərhal reallaşdırmağa hazır olduğuna eyham vurub. Kreml isə prezident V.Putinin Ukrayna səfərinin vaxtını dəqiqləşdirməyə qətiyyən tələsmir. Ona görə də, bu görüşün nə vaxt baş tutacağı hazırda daha çox Rusiya prezidentinin verəcəyi qərardan asılıdır”.

Analitik Kremlin Türkiyənin vasitəçilik mövqeyinə münasibətindən də danışıb:

“Kreml Türkiyənin Ukrayna böhranının nizamlanması üzrə vasitəçilik missiyasına hələlik o qədər də müsbət yanaşmır. Türkiyənin NATO üzvü olması, Ukraynanın ərazi bütövlüyünə və Krımın ilhaq edilməsinə yönəlik rəsmi mövqeyi Rusiyanın maraqları ilə kəskin ziddiyyət təşkil edir. 

Kreml Türkiyədən bu iki önəmli məsələyə daha yumşaq və ya tolerant münasibət gözləyir. Ancaq rəsmi Ankara dost və tərəfdaş hesab etdiyi Ukraynanı Türkiyənin Rusiya ilə son vaxtlar inkişaf prosesində olan münasibətlərinə qurban vermək istəmir. 

Ona görə də, hər iki tərəfi mövcud narazılıqların aradan qaldırılması üçün Türkiyənin vasitəçiliyi ilə siyasi-diplomatik danışıqlara çağırır. Kreml hazırda prezident V.Putinin Ankaraya dəvət olunmasına müsbət cavab versə də, həmin səfərin yaxın vaxtlarda reallaşmasına həvəs göstərməyəcək.

 Yəqin ki, Rusiya bu səfərin baş tutması üçün ilk növbədə öz maraqlarına cavab verən zamanı gözləyəcək. Bu baxımdan, Kreml hələlik rəsmən razılıq vermədiyi Türkiyənin vasitəçilik missiyasını geri çevirməyə də tələsmir. Belə bir addım Türkiyənin tamamilə Ukraynanın, o cümlədən, ABŞ və NATO-nun yanında yer almasına səbəb ola bilər. 

Ona görə də, Kreml Türkiyənin vasitəçilik missiyasının Rusiya üçün həlledici məqamda müraciət edə biləcəyi ehtiyat variantlardan biri kimi qalmasına üstünlük verir”. 

Çimnaz ŞAHLAR