“Ən zəif bənd Ermənistandır” – ŞƏRH 

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri gözlənilir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.“Sherg.az” “modern.az”a istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Mərkəzi Afrika Cümhuriyyətindən olan həmkarı Sylvie Baipo-Temonla birlikdə keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı danışıb.Nazir Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün bu kimi addımların vacib olduğunu vurğulayıb: “Paşinyan Türkiyə səfəri ilə bağlı söz verib.Xüsusi nümayəndələrin Moskvada ilk görüşü olub.Biz mütəmadi olaraq telefonla əlaqə saxlayırıq.Fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Antaliya Diplomatiya Forumunda 50 nazir,30 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək.Hər kəsin səsinin eşidilməsini istəyirik.Biz buraya Ermənistan nümayəndələrini də dəvət etmişik.Ermənistanın baş naziri Nikol Paşinyan da gələcəyini deyib.Gəlsələr, məmnun olarıq”.

Qeyd edək ki, Paşinyan Türkiyə tərəfinin təklifini yüksək qiymətləndirdiyini, bunu dəyərləndirəcəyini deyib. Səfərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və  Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan da iştirak edəcək.

Politoloq Tofiq Abbasov N.Paşinyanın Türkiyəyə gözlənilən səfəri ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, Ermənistan hazırda regionda ən zəif bənddir:

 “Bu təkcə onun hərbi kampaniyalarda Azərbaycana uduzması ilə bağlı deyil. Ölkə uzun müddət idi ki,millitarizm siyasəti yürüdərək özünün bütün imkanlarını, büdcə vəsaitlərini , xaricdən gələn ianələrinin hamısını silah-sursatın alınmasına sərf edirdi.Ona görə də hazırda Ermənistan iqtisadiyyatında dərin bir böhran yaşanır.Doğrudur ikinci Qarabağ  müharibəsi Azərbaycan ərazisində getdi.Amma  bundan ən çox zərər çəkən  rəsmi İrəvan oldu. Hazırda onların ən böyük ümidi dünya bazarında ixracının artmasıdır. Bu Ermənistana bir qədər yüngüllük gətirə bilər. Ancaq  ümumi mənzərə yenə də  dəyişməyəcək”.  

T.Abbasova görə, hazırda rəsmi İrəvanın əsas çıxış yolu qoşu ölkələrə qarşı  yürütdüyü  siyasətə yenidən baxmaq və normal münasibətlərə qayıtmaqdır: 

“Bilirsiz ki, Ermənistan aqressiv və işğalçı siyasət yürütdüyü üçün Azərbaycan və Türkiyə onunla əlaqəsini kəsdilər. Buna görə də rəsmi İrəvan bütün dünyaya car çəkirdi ki,güya bu ölkələr bolkadadır. Halbuki belə bir şey yox idi. İki əsas qonşu dövlətlə əlaqələrini sıfıra endirdiyi üçün o, nə öz ehtiyaclarını ödəyə bilir, nə də iqtisadiyyatda gördüyü işlər faydalı olurdu. İndi isə onun önündə böyük imkanlar açılır. Çünki həm Azərbaycan, həm də Türkiyə ona əməkdaşlıq təklif edir”. 
Politoloqun fikrincə, hazırda Ermənistan dərin məğlubiyyət  kompleksi yaşadığı üçün Azərbaycanla tez bir zamanda münasibət qura bilmir:
“Bu səbəbdən  o Türkiyə ilə əlaqələrin bərpasında bir qədər israrlıdır. Çünki xaricdə olan diaspora rəsmi İrəvanı sövq edir ki, heç olmasa rəsmi Ankara ilə münasibətləri bərpa etsin. Bu Ermənistan üçün çox vacib bir məsələdir. Məlum olduğu kimi,fevral ayının ilk günlərində artıq tərəflər arasında İstanbul- İrəvan-İstanbul reysi fəaliyyətə başlayacaq. Faktiki olaraq indiki inkişaf həm də kommunikasiyaların açılmasını aktuallaşdırır. Beləcə Türkiyə Ermənistan üçün  böyük imtiyazlı şərait yaradır”.

T.Abbasov rəsmi Bakının da tərəflər arasında əlaqələrin bərpasına heç bir etirazının olmadığını diqqətə çatdırıb: 

“Ermənistanın  bir qonşu dövlət kimi tez bir zamanda normal şəraitə gəlib,öz aqressiyasından əl çəkməsi region üçün də yaxşıdır. Fikrimcə, Paşinyanın Türkiyə səfərində də vacib məsələlər  danışılacaq. Burda rəsmi İrəvana bir daha bildirəcək ki,onun problemləri məhz yürütdüyü yarıtmaz siyasəti ilə bağlıdır”.