Ərdoğan Ukraynaya gedəcək! – Ciddi nəticələr gözlənilir? – ŞƏRH

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Ukraynaya səfər edəcək. Bu barədə prezidentin sözçüsü İbrahim Kalın məlumat paylaşıb.O,Rusiya ilə Ukrayna arasındakı gərginliyin azaldılmasında Türkiyənin vasitəçilik edə biləcəyini diqqətə çatdırıb.

Politoloq  Natiq Miri rəsmi Ankaranın Rusiya-Ukrayna arasındakı vasitəçilik missiyasından “Sherg.az”a danışarkən bildirib ki,bu tərəflər arasındakı münaqişənin qarşısının alınması yönünüdə ciddi addımdır:

 “Rusiya hər zaman özünün maraqları olduğu bölgədə hərbi böhran yaradır.Bunu yaratmaqla əslində digər regionda geosiyasi maraqları olan gücləri prosesə qatmaq və onlardan müəyyən güzəştlər əldə etmək istəyir. Biz bunu 2014-cü ildə Ukraynada, eyni zamanda 2008-ci ildə Gürcüstanda və Suriyada gördük. Bu günün özündə də hərbi böhran yaratmaq Rusiya xarici siyasətinin prioriteti sayılır. Rəsmi Moskva növbəti dəfə hərbi böhran yaratmaqla ABŞ-ni bütövlükdə Qərb dünyasını prosesə qatdı. Amma onun gözlədiyi kimi olmadı. ABŞ-nin ipini çəkdiyi Qərb dünyası avroatlantik məkan demək olar ki, Rusiyanın istədiyini ona vermədi. Belə bir vəziyyətdə rəsmi Moskvanın geriyə çəkilmək kimi bir şansı qalmadı”.

Politoloqa görə, indiki vəziyyətdə Rusiya imicini qorumaq üçün tamamilə hansısa geosiyasi maraqlardan kənar, səmimi bir dövlətin prosesə qarışmasına ehtiyac duyur: 

“Bu ölkə də qardaş Türkiyədir. Çünki ABŞ və Avropa Birliyindən fərqli olaraq Rusiya-Türkiyə münasibətləri çox normaldır. Düzdü, Ukrayna-Rusiya qarşıdurmasında Türkiyə prosesdən zərər çəkə biləcək ölkə ola bilər. O bir NATO ölkəsidir. Əgər gələcək perpektivdə Rusiya-Ukrayna qarşıdurması çərçivəsində bir Rusiya- NATO qarşıdurması olarsa, rəsmi Ankara məcburi qaydada  prosesə hərbi cəhətdən qatılacaq. Hazırda Türkiyə heç bir geosiyasi maraqlar ortaya qoymadan ,sadəcə regiondakı təhlükəsizliyi təmin etmək istəyi ilə vasitəçilik missiyasını ortaya atıb. O bunu həm Rusiya, həm də Ukrayna tərəfə başa salmağa çalışır”. 

N.Miri Türkiyə prezidentinin vasitəçilik missiyasının çox ciddi məsələ olduğunu diqqətə çatdırıb: 

“Rusiya prezidentinin rəsmi Ankaraya gözlənilən səfəri də bizi bu prosesdə müsbət nəticələrə inandırır. Kremlin Türkiyənin  bu missiyası  ilə bağlı hər hansısa gözləntisi olmasa ortalığa konkret şərtlər qoya və Türkiyəyə səfərdən imtina da edə bilərdi. Ancaq belə etmədi. Putinin  bu səfərə razılaşması Ərdoğanı Ukrayna ilə danışığa sövq edən məsələlərdən biridir”. 
Politoloq Rusiya-Ukrayna arasındakı “Normand formatı”nda Minsk1 və Minsk2 anlaşmalarına diqqət çəkib:
 “Çox maraqlıdır ki, bu anlaşmanın əksər müddəaları nə Ukrayna, nə də Rusiya tərəfindən yerinə yetirilib. Buna görə də müəyyən mənada bu razılaşmanı təmin etmək üçün Türkiyə vasitəçi ola bilər. Çünki “Normand formatı”nda iştirak edən Almaniya və Fransa zaman-zaman özlərinin maraqları üçün Rusiyayönümlü siyasət yürütdü. Ancaq Türkiyə belə bir iş görməyib”.

N.Mirinin fikrincə, hazırda rəsmi Ankaranın üzərinə götürdüyü vasitəçilik  missiyasında səmimi olduğu açıq-aşkar görünür:

“Mən Türkiyə prezidentinin Ukrayna səfərindən ciddi nəticələr gözləyirəm.Bu nəticələr indiki vəziyyətdə Qərb-Rusiya qarşıdurması kontekstində Rusiyanın da maraqlarına xidmət edə bilər”.

xxxxx