Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub. Ölkə başçısı səfər zamanı “Azərtac”a müsahibəsində Serjik Sarkisyan və Robert Köçəryan çütlüyünə diqqət çəkib. Dövlət başçısı bildirib ki, erməni xalqının tarixində Sarkisyan və Köçəryan fərarilər kimi qalacaqlar:
“Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar.Rusiyanın paytaxtında erməni diaspor təşkilatının xətti ilə belə biabırçı aksiyanın təşkili dediyim sözlərin sübutudur. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun”.
Millət vəkili Musa Qasımlı ölkə başçısının beynəlxalq ictimaiyyətə erməni faşizmi ilə bağlı etdiyi çağırışdan danışarkən bildirib ki, üçüncü dünya müharibəsindən sonra bütün dünya faşizmlə əlaqəsini kəsib onu məğlub edib:
“Amma bu gün dünyada erməni faşizmi yenə də var. Bu nasizmdən də, alman faşizmindən də daha qəddardır”.
M.Qasımlı Ermənistanda faşist ideologiyasının dövlət siyasətinə çevrildiyini vurğulayıb:
“İrəvanda nasistlərə abidə qoyulur . Azərbaycan bununla mübarizə aparır. Ancaq çox təəssüf ki, bəzi ölkələr bu məsələdə Ermənistanı bilavasitə müdafiə edirlər. Onlar belə davranmaqla özlərini faşistlərlə bir cərgədə qoyurlar”.
Millət vəkilinin fikrincə, cənab prezidentin bu çağırışı faşizmi təbliğ edən Ermənistanı müdafiə edən ölkələrə faşizmə “yox” demələri üçün bir mesaj olmalıdır.