“Rusiyanın Njde ilə bağlı filmin nümayişinə imkan verməsi məntiqə sığmazdı” - Faşizm təhlükədir!


“Çünki faşizm cərəyanı təkcə Azərbaycan xalqına deyil, bütün xalqlara qarşı fəaliyyət göstərir. Eləcə də ruslara qarşı”


Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olarkən AZƏRTAC-a müsahibə verib. Dövlət  rəhbəri bir sıra məsələlərə toxunub.  Onlardan biri də  Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması olub. Ölkə başçısı söyləyib ki, Rusiya ictimaiyyəti bundan xəbərdar olub və  ictimaiyyətin təkidi nəticəsində bu biabırçı aksiya baş tutmayıb:

 “Ancaq o da həqiqətdir ki, ilk dəfə olaraq,bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub”.

 Politoloq Tofiq Abbasov  Q.Njdenin “fəaliyyəti”ni əks etdirən filmdən “Sherg.az”a danışarkən bildirib ki,  biz bu məsələdə qonşu dövlətlərlə əməkdaşlıq qurmalıyıq:

 “Çünki faşizm cərəyanı təkcə Azərbaycan xalqına deyil, bütün xalqlara qarşı fəaliyyət göstərir. Eləcə də ruslara qarşı. Bir neçə gün əvvəl Rusiyada yaşayan ermənilərin təşkilatı, erməni konqresi Ara Abramyan başda olmaqla təmtəraqlı şəkildə yeni filmin premyerasını təşkil etmək istədi. Burda həm də bizim milli qüvvələr məsələ ilə bağlı böyük həyəcan təbili  çaldılar. Nəticədə Rusiyada yerli hakimiyyət orqanları bu proseslə bağlı tədbir görməyə başladılar”.

Politoloqun qənaətincə, Rusiyanın bir tərəfdən alman faşizminə qarşı mübarizə aparıb, digər tərəfdən bu faşizmə qulluq edən Q.Njde ilə bağlı filmin nümayişinə imkan verməsi heç bir sağlam məntiqə sığmır:

“Ona görə də Rusiyada olan vətənpərvər qüvvələr, o dövrdə özlərini faşizmlə mübarizəyə həsr etmiş insanlar əlbəttə ki, haqlı məsələyə narazılıqlarını bildirdilər”. 

T.Abbasovun fikrincə, faşizm özü yolverilməz bir cərəyandır və belə zəmində də  Azərbaycanın  sadəcə faydalı və əlaqələndirici rolu ola bilər:

 “Bu rolu da biz artıq üzərimizə götürmüşük və şərəflə də yerinə yetiririk. Faşizm elə bir təhlükə doğuran tendensiyadır ki, bununla bağlı hər zaman ayıq-sayıq olmalıyıq. Ona qarşı həmişə mübarizə aparmaq əzmində olmaq vacibdir. Biz  gərək prosesdə daim xarici, qonşu dövlətlərin ictimai-siyasi qüvvələri və qeyri- hökumət təşkilatları ilə yaxın əlaqə quraq”.