Azərbaycanın XİN-in cavabı yerindədir:“Ermənistan çirkin əməllərindən əl çəkmir”

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin “Azərbaycanın beynəlxalq təşkilatların Qarabağda fəaliyyətinə maneə törətməsi” ilə bağlı fikrinə münasibət bildirib. Azərbaycanın XİN rəsmisi ölkənin beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı və uğurla inkişaf edən münasibətlərinin mövcud olduğunu xatırladıb:

“Üçüncü dövlətin nümayəndəsinin bu xüsusda şərhi yersiz və əsassızdır. Yaxşı olardı ki, Ermənistan xarici işlər naziri bilavasitə ölkəsinin üzərinə götürdüyü öhdəliklərin icrası və bölgədə sülhün quruculuğu ilə bağlı məsələləri şərh etsin”.
Azərbaycan regionda sülhün təmin olunması üçün perspektivli addımlar atır. Mühüm danışıqlar aparır.  Delimitasiya və demarkasiya məsələlərinin həllindən, müsbət çağırışlardan, tərəflərin əlaqələrinin möhkəmlənməsindən  bəhs edir. Ancaq Ermənistan tərəfi məkirli siyasətindən əl çəkmir.  

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin sədr müavini, siyasi şərhçi Teymur Qasımlı Ermənistanın öz  çirkin əməllərindən əl çəkəcəyini zənn etmədiyini bildirib:

“Beynəlxalq aləmdə ikili standartlar var. Həmçinin ABŞ-ın Ermənistandakı səfiri də status məsələsi ilə bağlı fikir bildirib. Azərbaycanın XİN rəsmisinin cavabı çox yerindədir. Ermənilərin mənfi əməllərdən əl çəkəcəyinə inanmıram. İki yüz ildir, hansı planla bu prosesləri aparıblarsa, yenə davam edəcəklər. Hazırda müəyyən diplomatik bir döyüş gedir”.

Analitik məsələlərin həllində bizimlə Ermənistan arasında səssiz diplomatiya aparıldığını vurğulayıb:

“Amma bu, o demək deyil ki, rəsmi İrəvan absurd hərəkətlər etməlidir. Ona görə də, onların bu addımını yeni oyun hesab edirəm. Həmçinin Ararat Mirzoyan bizə təkliflər paketi göndərib.  Məncə, burada Rusiya faktoru var. Ancaq bunlar bir kənara, bizim atacağımız addımlar daha vacibdir. Xarici siyasətdə yüz ölçüb, bir biçməliyik. Ermənistana sakitliyi qorumadan cavab verməliyik”.

Cəmilə ƏZİM