ABŞ-ın Müdafiə Nazirliyi ölkə hərbçilərindən ibarət əlavə qrupun Şərqi Avropa ölkələrinə göndərilməsini şərh edib. Pentaqondan bildirilib ki bu, NATO-nun şərq cinahının möhkəmləndirmək məqsədi daşıyır. Qurum ABŞ hərbçilərinin Ukraynaya göndəriləcəyi də istisna etməyib: “ABŞ əsgərləri “təxliyə prosesinə yardım etmək üçün” bu ölkəyə göndərilə bilər”.
Politoloq Əlimusa İbrahimov Pentaqonun açıqlamasını “Sherg.az” a şərh edib. O qeyd edib ki, hazırda ABŞ hərbçilərinin Ukraynaya göndərilmə ehtimalı kütləvi informasiya vasitələri və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ciddi müzakirə olunur:
“Düşünmürəm ki, indiki halda NATO öz hərbçilərini Ukraynaya göndərsin. Bu təşkilata daxil olan ölkələrin heç biri Ukraynaya qoşun və hərbçi göndərə bilməz. Çünki NATO-nun ona üzvü olmayan hər hansısa ölkəyə hərbi kontensalla kömək etməsi mümkünsüzdür. Ukrayna da NATO üzvü deyil”.
Ə.İbrahimov hazırda müxtəlif ölkələrin rəsmi Kiyevə yardım etmək istədiyini diqqətə çatdırıb:
“Həmin ölkələr Ukraynaya yalnız digər yollarla silah göndərməklə, maddi eləcə də siyasi dəstək verə bilərlər” .