Dost ölkələrin sayı artır

Azərbaycan Macarıstan vasitəsi ilə Şərqi Avropa bazarında ticarət dövriyyəsini artırmağı planlaşdırır

Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanda səfərdədir. Qonaq Azərbaycan rəsmiləri ilə bir sıra mühüm görüşlər keçirib. İki ölkə arasında önəmli sənədlər və Anlaşma Memorandumu imzalanıb. Macarıstanlı nazir Peter Siyarto bildirib ki, bəzi qüvvələr Qərb və Şərq arasında toqquşma yaratmağa çalışırlar. Macarıstanım Mərkəzi Avropada yerləşdiyini xatırladan nazir tarixdən dərs çıxarmağı bacardıqlarını diqqətə çatdırıb: “Biz sakit, sivil münasibətlər qurmağın fərqinə varmışıq. Bu, bizim milli maraqlarımıza cavab verir. 

Biz ölkələr arasında, regionlar arasında körpü qurmalıyıq. Əməkdaşlığın yeni fəslinə qədəm qoymalıyıq. Azərbaycan və Macarıstan çox çalışıb ki, əlaqələrimizi, münasibətlərimizi yaxınlaşdıraq. Ölkələrimiz mədəniyyət, iqtisadiyyat, ticarət sahəsində uğurlu əməkdaşlıq yaradıb. Xarici ticarət sahəsində dost qazanmaq bizim üçün vacibdir. Dost qazanmaq Macarıstanın xarici siyasətində əsas prioritetdir. Azərbaycan bizim dostumuzdur. Biz dost xalqlarıq, biz macarlar azərbaycanlıların yaxın dostuyuq. Azərbaycanda çoxları bu dostluğu yüksək dəyərləndirir”. Siyarto Azərbaycana səfərinin məqsədlərini açıqlayıb: “Səfərimin məqsədi münasibətləri, işğaldan azad olunmuş ərazilərdə macar şirkətlərinin iştirakını daha da gücləndirməkdir. Bu regionda mühəndis-layihə infrastruktur quruculuğu, enerji təchizatı və kənd təsərrüfatı sahəsində işləyə bilərik. Maliyyə cəhətdən hazırıq, “Exim Bank” 100 milyon avro məbləğində güzəştli kredit verməyə hazır olduğunu bildirib. Biz həmçinin enerji təminatını gücləndirmək istəyirik. Gələn ilin sonunda Azərbaycan qazını Macarıstan bazarında görməyə ümid edirik”. 

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov da iki ölkə arasındakı əlaqələrin inkişafından danışıb. Nazir qeyd edib ki, 2021-ci ilin yekunlarını Azərbaycan və Macarıstan üçün kifayət qədər uğurlu hesab etmək olar: 

“Macarıstan dövləti sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısında iştirak edəcək. Bu gün reyslərin artırılması da müzakirə edilib. Bu səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında 4 müqavilə imzalanıb”. XİN başçısı vurğulayıb ki, Macarıstan və Azərbaycanın yerləşdiyi bölgələrdə çox dinamik proseslər baş verir: “BMT, ATƏT və digər beynəlxalq platformalarda çox sıx münasibətlərimiz mövcuddur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsi və region üçün hansı imkanlar açması, həmin ərazilərin bərpa edilməsi istiqamətində Azərbaycan dövlətinin üzləşdiyi çətinliklər və çağırışlarla bağlı müzakirələr aparılıb. Biz münaqişə mövcud olan dövrdə Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini müşahidə etmişik”. 
İki ölkənin əməkdaşlığını “Şərq”ə təhlil edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Azərbaycan Macarıstanla münasibətlərə böyük önəm verir. Analitik diqqətə çatdırıb ki, burada enerji siyasəti əhəmiyyətli roy oynayır: “Şərqi Avropanın bir çox ölkələrinin, o cümlədən Macarıstanın enerji təminatında Azərbaycan mühüm önəm kəsb edir. Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan Avropaya qaz tədarükünü artırmaq niyyətindədir. Ukrayna məsələsinə görə, Rusiya-Qərb arasındakı gərginlik Avropanın enerji təhlükəsizliyində alternativlər axtarmaq məsələsini gündəmə gətirdi. ABŞ və Avropa ölkələri Qətərdən maye qazın alınması yönündə danışıqlar aparırlar. Azərbaycan da Avropaya maye qaz tədarükünü artırmaqda maraqlıdır. Növbəti ilin qışına qədər Azərbaycandan alınan enerjinin miqdarı artırılacaq. Macarıstan da öməmli qaz alıcılarından biridir. Azərbaycan Macarıstan vasitəsi ilə Şərqi Avropa bazarında ticarət dövriyyəsini artırmağı planlaşdırır”. 

A.Nərimanlı bəyan edib ki, digər mühüm məqam Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunmasıdır: 

“Təşkilatın iki əsas aparıcı ölkəsi var – Türkiyə və Azərbaycan. Bakı və Ankara TDT-ni genişləndirmək niyyətindədir. Bu kontekstdə Azərbaycan-Macarıstan münasibətləri əhəmiyyətlidir. Macarıstan türkdilli olmayan ölkələrin də Türk Dövlətləri Təşkilatında təmsil olunmasında presedent yaradır. Ukrayna böhranından sonra Şərqi Avropa ölkələri ABŞ-la deyil, Türkiyə ilə yaxınlaşma siyasətini güdürlər”.