"Qarabağa kimin gəlib-getdiyini erməni mətbuatından öyrənirik"

Zəlimxan Məmmədli: "Rus və erməni quldurlarının qanunsuz hərəkətlərini sadəcə özfəaliyyət kimi dəyərləndirmək olmaz"

"Bilmək istəyirik ki, Xankəndidə, Xocalıda, Ağdərədə bayrağımız nə vaxt dalğalanacaq?"

   Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya hərbçiləri yenə öz ampluasındadır. 
Sözdə “sülhməramlı” obrazında Azərbaycan torpaqlarına gələn kontingent, bir ildən artıq müddətdə nəinki etimadı doğrultdu, əksinə, çoxsaylı addımlarla ictimaiyyətin hiddətini daha da artırdı. Minsk qrupu həmsədrlərinin 30 il ərzində “barış” libasına bürünərək həyata keçirdikləri fırıldaqlar eyniylə rus “sülhməramlıları” tərəfindən təkrarlanmaqdadır. Onların əksər davranışı Azərbaycan ictimaiyyətində narazılıq və narahatlıq yaradır.

“Sülhməramlı”ların sadəcə Qarabağa qanunsuz gediş-gəlişə imkan vermələri, erməni separatçılarına qol-qanad açması deyil, həm də torpaqlarımızda uzunmüddətli perioda hesablanmış tikililər inşa etməsi, rahatlıqları üçün infrastruktur qurmaları haqlı olaraq təşviş və etiraza rəvac verir. Ötən gün mediada yayılan görüntülərdən məlum oldu ki, rus sülhməramlıları ərazidən keçən Azərbaycan yük maşınlarının yoxlanışını separatçıların “polis”ləri ilə birlikdə həyata həyata keçirirlər. Ekspertlərin fikrincə, yoxlama prosesinə separatçıların cəlb olunması Azərbaycanın suveren hüquqlarını təhdid etməkdir. 

Ciddi narazılığa səbəb olan hadisəni “Şərq”ə dəyərləndirən “Borçalı” İctimai Birliyinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli deyib ki, Rusiya “sülhməramlıları” ermənilərin “Artsax” adlandırdığı ərazilərdə “müstəqil dövlət aparatı”nın qurulmasının legitimləşməsi ilə məşğuldur. Birlik rəhbəri qeyd edib ki, faktiki olaraq biz Rusiya “sülhməramlılarının nəzarətində olan Xankəndi və ətraf bölgələrə buraxılmırıq, suveren hüquqlarımız pozulur: 

“Ermənilərin Xankəndinə sərbəst gediş-gəlişi üçün isə xüsusi Laçın dəhlizi var. Ancaq həmin dəhlizə Azərbaycan tərəfi nəzarət edə bilmir. Qarabağa kimin gəlib-getdiyini erməni mətbuatından öyrənirik. Rusiya “sülhməramlıları” ermənilər qarşısında xüsusi öhdəlik götürüb.

Bu öhdəlik Qarabağda ermənilər üçün “dövlət” qurmaq və Kremlin tarixi missiyasını yerinə yetirməkdir. Erməni separatçıların “sülhməramlı”larla birgə Azərbaycan maşınlarını yoxlaması kapmaniyanın tərkib elementidir. Rus və erməni quldurlarının qanunsuz hərəkətlərini sadəcə özfəaliyyət kimi dəyərləndirmək olmaz. Bu, ciddi siyasi sistemdir və başında Moskva durur. Əlbəttə, bu, mənim fikrimdir, təhlilimdir. 

Əgər elə deyilsə, təkzib etsinlər. Amma bilmək istəyirik ki, Xankəndidə, Xocalıda, Ağdərədə bayrağımız nə vaxt dalğalanacaq?”.