Vyanada Türkiyə və Ermənistan bir az da yaxınlaşacaq

Tərəflərin ilkin şərt irəli sürməməsi də ağıllı gedişdir

Normallaşma prosesi sadəcə hava məkanının açılması, iqtisadi addımlarla yekunlaşmır. Bir müddət sonra sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması da müzakirə mövzusu olacaq

Ermənistan və Türkiyə arasında normallaşma prosesində xüsusi nümayəndələrin növbəti görüşü Vyanada keçiriləcək. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş fevralın 24-nə planlaşdırılıb. Türkiyə ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıçı, Ermənistan isə parlament sədrinin müavini Ruben Rubinyanı normallaşma prosesi üçün xüsusi nümayəndə təyin edib. Nümayəndələr arasında ilk görüş Moskvada keçirilib və təmasların davamlı olmasına qərar verilib. Tərəflərin ilk təmasla bağlı təəssüratları normal olmasa da, Moskvada baş tutan görüşdə müzakirələr aparılmadığı qeyd olunub. Vurğulanıb ki, sonrakı görüşlərdə mövcud problemlər daha ciddi müzakirə olunacaq və konkret addımlar atılacaq. 

Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesini “Şərq”ə təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Türkiyə-Ermənistan danışıqları yeni mərhələyə keçib. Professorun sözlərinə görə, Moskva görüşündə əksər məsələ açıq şəkildə müzakirə olunmamışdı: 

“Görünür, Ankara və İrəvan Rusiyanı prosesdən məhz bu şəkildə təcrid ediblər. Türkiyə ilk görüşdə nəbzi yoxladı, bir növ “kəşfiyyat” apardı. Ankara hökuməti İrəvanın təmaslarda maraqlı olduğunu bildiyi üçün görüşlərin davamlı olmasına razılıq verdi. Növbəti təmasın Türkiyə və Ermənistanda olmaması da təsadüfi deyil. Vyana bitərəf məkandır və Avropanın “göbəyidir”. Ümumiyyətlə, Vyanada baş tutan görüşlərin əksəriyyəti müsbət nəticələnir. Tərəflərin ilkin şərt irəli sürməməsi də ağıllı gedişdir. İki ölkənin ön şərtləri qarşı tərəf üçün hələlik qəbuledilməzdir. Əlbəttə, gedişatda müəyyən tələblərin gündəmə gəlməsi reallıqdır. Normallaşma prosesi sadəcə hava məkanının açılması, iqtisadi addımlarla yekunlaşmır. Bir müddət sonra sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması da müzakirə mövzusu olacaq. Müxalif qruplar, ələlxüsus Cümhuriyyət Xalq Partiyasının bəzi nümayəndələri İrəvanla münasibətlərin qurulmasına qarşı çıxırlar. Bu da “müxalifət cığallığı”dır. Rəsmi Ankara birmənalı vurğulayıb ki, Ermənistanla başlamış normallaşma prosesinin əsasında Azərbaycan dayanır”. 

C.Nuriyev hesab edir ki, Ermənistan parlamentində Paşinyanın tərəfdarları çoxdur. O səbəbdən baş nazir referendum keçirərək konstitusiyanı dəyişmək iqtidarındadır: 

“Əsas niyyətin və iradənin olmasıdır. Qanunvericiliklə bağlı məqamlar texniki məsələlərdir. Prosesin müsbət sonluqla nəticələnəcəyinə inanıram. Ermənistan dövlət kimi mövcudluğunu qorumaq istəyirsə, Azərbaycan və Türkiyə ilə mütləq sülh müqaviləsi bağlamalıdır. Qondarma “soyqırım” və ərazi iddiaları erməniləri fəlakətə sürükləyir. Prezidentliyə yeni namizəd V.Xaçaturyan da Ankara və Bakı ilə əməkdaşlıqda maraqlı olduğunu bəyan edib”.