Proses çox yubanır

Sərhəd məsələsində Azərbaycanla Ermənistanın baxışları fərqlidir

"Mübahisəli sərhəd xətti qalmazsa, problemlər çözülərsə, təxribatlara da son qoyular. Bu məsələdə kompromis tapmaq mümkündür"
   
   Ermənistan XİN başçısı Ararat Mirzoyan İrəvanın öz öhdəliklərinə sadiq qaldığını iddia edib. Vurğulayıb ki, ölkəsi Ermənistan, Rusiya və Azərbaycan başçılarının Soçi görüşündə razılaşdırılan delimitasiya üzrə komissiyanın yaradılmasına hazırdır. Nazirin sözlərinə görə, hazırda Ermənistan Azərbaycan və Rusiya ilə təmas xəttində təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir: “Müxtəlif təkliflərin verildiyini demişəm. Danışıqlar davam edir. Konkret olaraq Azərbaycan Ermənistanın son təkliflərinə mənfi reaksiya verdi. Amma proses davam edir. Prosesdə İrəvan üçün qəbuledilməz olan təkliflər də var idi”. 

Mirzoyan daha əvvəl bildirmişdi ki, Ermənistan tərəfi sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycan üçün qəbuledilməz məsələləri anlamağa çalışır. Mirzoyan problemin həlli yollarının tapılmadığını söyləyib və bəyan edib ki, bu formatda danışıqlar davam etməlidir:

 “Həll yollarından biri ümumi sülh sazişinin parametrlərinin müəyyən edilməsi, işlənməsi və imzalanmasıdır”. Mirzoyan həmsədrlərin “xalqların öz müqəddəratını təyinetmə hüququ” barədə mövqeyini də xatırlatmağı unutmayıb: “Digər prinsip güc tətbiq etməməkdir ki, 2020-ci ildə bu prinsip pozuldu. İndi dünya ictimaiyyəti qərar verməlidir, konfliktlərin həllində güc tətbiqindən istifadə edilməməsi qalmalıdır, ya yox? Əgər hansısa ölkə bu prinsipin pozulmasını özünə rəva görürsə, onda digər ölkələrə də yol açılır”. 

Qeyd edək ki, Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini elan edib və öz ərazi bütövlüyünü bərpa etdiyini açıqlayıb. Bakı İrəvana sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsi üzərində danışıqlarla bağlı təklif göndərib. İrəvan isə bütün vasitələrlə işğaldan əl çəkmədiyini nümayiş etdirir.

Politoloq Turab Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistanın məsələyə baxışı fərqlidir. Analitikin fikrincə, hər iki tərəf sərhədlərin demarkasiya və delimitasiya prosesinin yekunlaşmasını istəsə də, tərəflərin maraqları eyni deyil: 

“Rəsmi Bakı tələb edir ki, Ermənistan Azərbaycanın qanuni sərhədlərini tanısın. Sərhədlərin tanınması eyni zamanda ərazi bütövlüyünün tanınması deməkdir. Bu da ermənilər tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi təsdiqlənməsi anlamına gəlir. Nəticədə Ermənistan Azərbaycana və Qarabağa dair bütün iddialarından əl çəkməli olur. İrəvan bu tələbi qəbul etməkdən yayınır. Ermənistanın Azərbaycana göndərdiyi təkliflərdə isə Qarabağa “status” verilməsi, yaxud onlara ayrıca “inzibati bölgə” kimi baxılması məsələləri yer alır. Erməni tərəfi çalışır ki, indi reallaşmasa belə gələcəkdə həyata keçməsi üçün “status” şərti sülh müqaviləsinə salınsın. Təbii ki, bu mövzu rəsmi Bakı üçün qəbuledilməzdir. Rəsmilər təkliflərlə bağlı detallı açıqlamalar verməsələr də, gedişatla bağlı ümumi bəyanat verir, mövcud durumu ictimaiyyətə çatdırırlar. Sadəcə bir məqam vurğulanır ki, Ermənistanın şərti bizim üçün qeyri-adekvatdır”. 

Müsahibimizin sözlərinə görə, Azərbaycan çalışır ki, üçtərəfli komissiya, yaxud hansısa fərqli diplomatik kanal vasitəsi ilə ən azından sərhədlərin müəyyənləşməsi yekunlaşsın: 

“Mübahisəli sərhəd xətti qalmazsa, problemlər çözülərsə, təxribatlara da son qoyular. Bu məsələdə kompromis tapmaq mümkündür. Hətta Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan bölgəsinin taleyi sonraya saxlanıla da bilər. Hazırda ən mühüm məsələ sərhədlərin müəyyənləşməsidir”.