Putin gerçəklik hissini itirib

Rusiya ordusu “Babalar ordusu”ndan “Uşaqlar ordusu”na keçdi 

   Rusiya ordusu Ukraynanın işğalında üzləşdiyi böyük itkilərin yerini doldurmaq üçün uşaqlardan istifadə etməyə başlayıb. Bundan öncə rəsmi Kreml ehtiyatda olan hərbi qulluqçuları, hansı ki aralarında yaşı 60-ı haqlamış keçmiş hərbçilər çoxluq təşkil edirdi, gah “könüllülər”, gah da “babalar ordusu” adı altında hərbi əməliyyatlara cəlb etmişdi.

İndi isə “uşaqlar – nəvələr ordusu” formalaşdırır. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, rəsmi Kreml bu məqsədlə “vətənsevərlər cəmiyyətləri”ndən istifadə edir. İnsan haqları təşkilatları Kremlin şərqi Ukraynada əsgər sayını artırmaq üçün hərbi xidmət yaşı çatmamış yeniyetmələri, əsasən də gənclər klublarının üzvlərini orduya cəlb edir. 

Burada daha çox adı hallanan “Vətənsevərlər klubu”dur. Bu klub 2014-cü ildə Rusiyanın Luqansk və Donetski işğalından sonra “ölkəni tanıtmaq” kampaniyasının bir hissəsi olaraq qurulub. Bu klublar “beyinyuma” mərkəzləri kimi də tanınır. Ukrayna rəsmiləri BMT-yə müraciət edərək Rusiyanın “uşaq əsgərlər”dən istifadə etməsini araşdırmasını tələb edib. İnsan haqları təşkilatlarının bildirdiyinə görə, rus uşaqlara silahla davranma, güllə atışı təlimləri keçilir və cəbhəyə göndərilir. Cəbhəyə göndərilənlərdən bəzilərinin həyatını artıq itirmiş olması da ehtimallar sırasındadır. Bu ehtimalları rus uşaqlarına aid döş nişanlarının Ukraynadakı döyüş bölgələrində aşkarlanması artırır. Ukrayna parlamentinin insan haqları komissarı Lyudmila Denisova deyib ki, “vətənsevərlər klubu” adı altında beyinyuma mərkəzləri olaraq fəaliyyət göstərən təşkilatlar 2015-ci ildən sonra daha da aktivləşdi. Bu klublara üzv edilən uşaqlara silahla davranış qaydaları öyrədilir. Halbuki, bu, beynəlxalq hüquqla qadağandır. Uşaqların orduya cəlb edilməsi Cenevrə konvensiyasına ziddir və insan haqlarının kobud pozulmasıdır.  
Ötən həftə Moskvada Putinlə görüşən Avstriya kansleri Karl Nehammer Putinlə görüşdən sonra “Rusiya lideri gerçəklik hissini itirib, həqiqətdən çox uzaqlaşıb”, məncə, Putin artıq şəxsi müharibə məntiqiylə hərəkət edir. Müharibəni qazandığına özünü inandırıb”, söyləyib.