Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı Azərbaycanla üçtərəfli formatda əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər. Putinlə Paşinyanın görüşünün detalları açıqlanıb. Rəsmi məlumata görə, tərəflər iki məsələdə razılaşıb. Birincisi, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə birgə komissiyanın yaradılması prosesini sürətləndirməkdir. İkincisi,kommunikasiyanın açılması və iqtisadi əlaqələrin bərpası üzrə Üçtərəfli İşçi Qrupunun fəaliyyətinin aktivləşdirilməsidir.
Həmçinin Prezident və baş nazir Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin başlanmasını alqışlayırlar.
Görüşün detallarını "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalamalıdır. Əks halda ölkəyə digər güclər daxil olur:
"Rusiyanın milli maraqlarına uyğun deyil. Ona görə, ikitərəfli görüşü üçtərəfliyə çevirmək cəhdi göstərdi, uğurlu alındı. Sərhədlərin müəyyənləşməsi sülh müqaviləsinin əsas şərtidir. Bunun üzərindən tezliklə mexanizmlərin yaradılması, sərhədlərin aydınlaşması prosesi surətlənməsi razılığına gəliblər. Rusiya məsələdə təşəbbüs həyata keçirir. Ermənistan Qarabağ məsələsini Rusiyanın və Azərbaycanın üstünə yükləməkdə maraqlıdır, özü isə sıyrılmaq üçün cidd-cəhd nümayiş etdirir".