Aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukla görüşüb. Dövlət başçısı ölkələrimiz arasında ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu vurğulayaraq, daha əvvəl əldə edilmiş razılıqların yerinə yetirilməsindən məmnunluğunu bildirib. Aleksey Overçuk Rusiya ilə Azərbaycan arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini məmnunluqla xatırladıb.
Görüşdə ticari-iqtisadi, nəqliyyat, tranzit, logistika, maliyyə, bank, energetika, neft-qaz sahələrində əməkdaşlıq məsələləri müzakirə aparılıb.
Qeyd edək ki, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası çərçivəsində bir sıra sənədlər imzalanıb. Sənədləri Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk imzalayıb. Azərbaycanla Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci iclasının protokolu, iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun sözlərinə görə, Rusiya özünü regionun əsas söz sahibi olan dövlət kimi sayır:
"Son bir ildən artıq müddətdə imzalanan sənədlər Rusiyanın vasitəçiliyi ilə gerçəkləşib. 10 Noyabr Bəyanatının imzalanmasında vasitəçi təkcə Rusiya yox, görünməyən tərəf kimi Türkiyə idi. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişini də Rusiya öz vasitəçiliyi ilə imzalatmaq istəyir. Minsk qrupundan sonra onun rəqibi artıq Avropa İttifaqıdır (Aİ ). Ortada iki vasitəçi var: Aİ və Rusiya.
Azərbaycan Minsk qrupu fəaliyyət göstərdiyi dönəmdə Rusiyanın vasitəçiliyini istəyirdi. Soçidə Azərbaycan Prezidenti duruma dair münasibətini bildirmişdi . Ermənistan Minsk qrupunu istəyir, çünki Fransa və ABŞ var. Onlar Ermənistanın mövqeyini müdafiə edirlər. İndi maraqlıdır, Aİ hansı mövqedə dayanar və bizə kimin vasitəçiliyi daha sərfəlidir? Aİ-nin, ABŞ və Fransanın təsiri altında olduğunu nəzərə alsaq, güman edirəm ki, onun da Minsk qrupuna yaxın mövqe tutma ehtimalı var. Amma ölkəmizin maraqlarına cavab vermir.
Əgər Aİ Azərbaycanın mövqeyini müdafiə etsə, Ermənistan da sülh sazişinə Qarabağ məsələsini salmayacağını dediyi təqdirdə, biz də vasitəçinin Aİ olmasında maraq duyarıq. Əgər Ermənistanın yanında dayansa, Rusiyanın vasitəçiliyi daha əlverişlidir.
Rusiyanın vasitəçi olduğu yerdə Türkiyə də var. Aİ-nin tutacağı mövqedən çox şey aslıdır. Azərbaycan kifayət qədər güclü mövqedədir. Vasitəçi seçmək imkanı onun əlindədir. Hansı daha ədalətli, düzgün mövqe tutarsa, ölkəmiz də ona üstünlük verər. Hələlik Rusiyanın vasitəçiliyini üstün sayır.
Rusiyanın Qarabağ məsələsində tutduğu mövqeyini dəyişdirməyəcəyini ümid edirəm. Sülh sazişi onun vasitəçiliyi və Türkiyənin aktiv iştirakı ilə imzalanar”.