Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında AMİP, AXP və Ağ Partiya sədrlərinin Fransanın Azərbaycandakı səfiri, cənab Zakari Grosla görüşü keçirilib.
Görüşdə AMİP sədri Arzuxan Əlizadə, Ağ Partiya başqanı Tural Abbaslı, AXP sədri Pənah Hüseyn, AMİP sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev, eləcə də səfir Zakari Grosla yanaşı, Fransa səfirliyinin Siyasi Məsələlər üzrə ateşşesi Bruyere-İsnard Teo da iştirak edib.
Onu da qeyd edək ki, bu görüş son bir həftə ərzində siyasi partiyaların diplomatik korpusla keçirdiyi ikinci görüşdür. İlk görüş də AMİP qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri xanım Kristine Sinqlə keçirilib.
Baş tutan görüşlə bağlı təəssüratlarını "Sherg.az"la bölüşən Ağ Partiya sədri Tural Abbaslının sözlərinə görə, əslində görüş dörd partiyanın iştirakı ilə keçiriləcəkdi. Lakin Böyük Azərbaycan Partiyasının sədri Elşad bəy sağlıq durumuna görə aralarında deyildi:
"Birinci görüşümüzdə AMİP, Ağ Partiya, AXP və BAP partiyaları Amerikanın Azərbaycandakı siyasi məsələlər üzrə müşaviri ilə görüşmüşdü.
Biz dörd partiya görüşləri birgə reallaşdırırıq. Təşkilatlar arasında əməkdaşlıq edirik. Digər partiyalar, yəqin, ayrı vaxt özləri görüşər. Yəni, kollektiv toplantı deyil.
Ənənəvi məsələlər istiqamətində müzakirələr apardıq. Ağ Partiya üçün maraqlı olan Amerikanın, Fransanın Qarabağ məsələsində tutduğu mövqedir. Biz də öz fikirlərimizi bildirdik. Azərbacanın ədalətli mövqeyinin yanında dayanmaqlarını vurğuladıq. Regionda baş verən hadisələrə dair fikir mübadiləsi gerçəkləşdi. Onların da daxili siyasətə dair bəzi sualları var idi”.