Qarabağ üzrə xüsusi nümayəndələr də sülhə töhfə verməyəcək
“Reallıqlar dəyişib və bunu hətta vasitəçilər də etiraf ediblər ki, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri arasında nə etməli olduqları ilə bağlı bir növ məyusluq var idi. Çünki Azərbaycan özü Madrid prinsiplərini həyata keçirirdi və mən elə müharibə başa çatandan sonra Minsk qrupunun nümayəndələri ilə görüşəndə dedim ki, təkliflər verin. Nə edəcəklər və gündəmləri nə olacaq? Və bilirəm ki, onlar üçün bəzi praktiki təkliflər irəli sürmək çox çətin idi”. Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.
Ekspertlər isə ölkə başçısının bu sözlərini Azərbaycanın ATƏT-in Minsk qrupu ilə bağlı yekun qərarı kimi də qiymətləndirib.
Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında deyib ki, “2-ci Qarabağ müharibəsindən sonra Minsk qrupu faktiki olaraq fəaliyyətini dayandırdı və aylardır bu təşkilatın fiasko məsələsi gündəmə gəlib:
“Ukraynada müharibə başlayanda isə bu, təsdiqlənmiş oldu. Bu format münaqişənin həlli ilə məşğul olurdu. Ancaq məlum olduğu kimi, sözügedən uzun illər Minsk qrupu özünü doğrultmadı. Sevindirici haldır ki, Prezident İlham Əliyev qələbədən sonra Minsk qrupu ilə bağlı sərt və düzgün mövqe tutdu, bütün çıxışlarında həmin vasitəçilərə ehtiyac olmadığını açıq bəyan etdi.
Artıq Minsk qrupu lazımsız qurumdur, əhəmiyyətə malik struktur deyil.
Qarabağ münaqişəsi hərbi yolla həll olunduqdan sonra Minsk qrupu həmsədrləri yalnız sülhə töhfə verə bilərdilər.
Lakin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar xüsusi nümayəndələrin vasitəçiliyi ilə həyata keçirilir. Belə olan təqdirdə ATƏT-in Minsk qrupu formatı tarixin arxivinə qovuşmuş hesab olunur. Əslində xüsusi nümayəndələrin də sülh və danışıqlara töhfə verəcəyinə ümid etmirəm. Onlar da Minsk qrupu kimi Azərbaycan və Ermənistan arasında normal münasibətlərin qurulmasına əngəl ola bilər.
Sülh danışıqları Azərbaycan və Ermənistan arasında aparılmalıdır”.