İndi fürsət yaranıb! – “Paşinyan özünü də, hakimiyyətini də xilas edə bilər”

“Azərbaycanla Türkiyə ilə normal münasibətlər Ermənistan dövlətçiliyini xilas yoludur. Əks halda ölkənin mövcudluğu sual doğurur”
 
“Yoxsa, ölkədə xaos baş verəcək"

Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə etiraz aksiyaları səngimək bilmir.
Aprelin 25-dən etibarən Ermənistanda respublikanın ikinci prezidenti Robert Koçaryanın “Ermənistan” və Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanesyanın “Şərəfim var” bloklarının, həmçinin üçüncü prezident Serj Sarkisyanın Respublika partiyasının tərəfdarları və digər müxalifətçilərin iştirakı ilə nümayişlər başlayıb.
Erməni fəallardan ibarət qruplar Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın mərkəzi küçələrini bağlayırlar.
Aksiya iştirakçıları paytaxtın müxtəlif yerlərində piketlər təşkil edir, axşam saatlarında isə İrəvanın mərkəzi küçələrində yürüşlər keçirirlər.
Erməni fəallar hökumət əleyhinə şüarlar səsləndirirlər.

İrəvandakı etirazları "Sherg.az"a dəyərləndirən millət vəkili Asim Mollazadənin qənaətincə, daşnaklar və "Qarabağ klanı"nın cinayətkarları sülh prosesinin qarşısını almaq istəyirlər. Amma Ermənistan əhalisinin böyük əksəriyyəti sülh tərəfdarıdır:

"Onlar müharibədən yorulublar. Hərbi cinayətkarların əllərinin həm Ermənistan, həm də Azərbaycan xalqının qanına batdığını bilirlər. Hakimiyyətə gəldikdən sonra ölkəni talan edib, zənginləşiblər.

Paşinyan və erməni xalqı üçün sülh istiqamətində ciddi addımların atılması, bölgədə sabitliyin yaranmasından ötrü fürsət yaranıb. Azərbaycanla Türkiyə ilə normal münasibətlər Ermənistan dövlətçiliyini xilas yoludur. Əks halda ölkənin mövcudluğu sual doğurur. Cinayətkar qüvvələrin arxalandığı hərbi sənaye kompleks də artıq zəifləyib.

 İrəvanda keçirilən aksiyalar kütləvi deyil, orada əsasən "Qarabağ klanı"nın keçmiş hərbçiləri iştirak edir. Paşinyan prinsipcə sözügedən qüvvələri sakitləşdirməyə qadirdir. 

Ancaq Ermənistan yekun sülhün imzalanmasına görə real addımlar atmalıdır. Kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşməsi həm də Ermənistanın iqtisadi, sosial problemlərin həllinə şans yaradır. 

Qonşu ölkələrə qarşı ərazi iddialarına son qoyan Ermənistanın normal dövlətə çevrilməsi mümkündür. Paşinyan belə yolla özünü də, hakimiyyətini də xilas edər. Yoxsa, ölkədə xaos baş verəcək".