Ermənistanda aksiya! - “Məqsəd Paşinyanı devirib Vanesyanı gətirməkdir” – 24 il əvvəlki ssenari...

"Ermənistan iqtisadiyyatı durğun, ordusu dağılmış, cəmiyyəti parçalanmış vəziyyətdə olan bir ərazidir. Bu ölkədə müxalifətin varlığı şübhəlidir. Adətən, belə vəziyyətdə ölkədəki ziyalı və mütərəqqi insanlar dövlətin qurulması və onun zəif məsələlərinin güclənməsinə çalışar. Bu şəraitdə müxalifətin mövcudluğu ölkədəki ənənəvi “beşinci kolon”un varlığından xəbər verir".

Bu fikirləri "Sherg.az"a açıqlamasında politoloq Sədrəddin Soltan söyləyib. Siyasi şərhçinin qənaətincə, əslində, müxalifət sayılan qismin aksiyaları 24 il əvvəlki hadisələrə oxşayır:

"1998-ci ildə Ermənistanın o vaxtkı Prezidenti Levon Ter-Petrosyan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun təklif etdiyi “Mərhələli həll” variantını Ermənistan üçün məqbul sayırdı. Bu istiqamətdə addımlar atılmaq ərəfədə idi. Ancaq 1998-ci il fevralın 3-də o vaxtkı baş nazir Robert Koçaryan, müdafiə naziri Vazgen Sarkisyan, daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarqsyanla aralarında Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaranmış narazılıq yaranmışdı. Həmin qüvvələr Ermənistanda etiraz aksiyası təşkil edib Levon Ter-Petrosyanın istefasına nail oldular. Hakimiyyətə Robert Koçaryan gətirildi. 2008-ci ildə Ter-Petrosyan yenidən prezidentliyə namizədliyini irəli sürdü. Ancaq Koçaryan öz yerinə Sarqsyanın oturması üçün həmin il martın 1-də İrəvanda qan tökdü".

Politoloqun fikrincə, Ermənistanda müxalifət sayılan  qüvvələr normallaşma proseslərinə mane olmağa səy göstərirlər:

"Rəsmi İrəvanda sözügedən hadisələrdən öz mövqeyini gücləndirmək üçün istifadə edə bilər. Bu cür düşünənlər belə haray-həşirlə guya danışıqlarda Ermənistan təmsilçilərinin əlini gücləndirdiklərini də zənn edirlər. Başqa sözlə, koçaryanlar normallaşma prosesini əngəlləmək, hökumət isə bu etirazlardan özünü gücləndirmək üçün istifadə edə bilər. Ancaq Ermənistandakı hadisələr 24 il əvvəlki ilə eynidir. 

Bu proseslər eyni texnologiya ilə həyata keçirilir. 1998-ci ilin fevralında Koçaryanı xaricdən dəstəkləyənlər yenə də baş roldadır. “Müxalifət”in “aksiyaları"nı işıqlandırmaq üçün Rusiyanın aparıcı, rəsmi informasiya vasitələri daha çox canfəşanlıq göstərirlər. Onların informasiya və şərhlərini izləyən hadisələrdən xəbərsizlərdə elə təəssürat yaranır ki, bu qüvvələr Ermənistan və ermənilərin yolunda ən fədakar insanlardır. Əslində isə məqsəd Nikol Paşinyanı “etiraz aksiyaları” ilə devirib yerinə Artur Vanesyanı gətirməkdir. “Həmin dalğa, həmin koordinat”, məqsəd 24 il əvvəl olduğu kimidir. 

Ter-Petrosyanı devirib onun yerinə Rusiyanın regionda əsas adamı sayılan, Vladimir Putinin dostu olan Robert Koçaryanı gətirdilər. İndi də məqsəd Paşinyanı istefaya göndərib yerinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məzunu Artur Vanesyanı gətirməkdir. Bununla da Rusiya Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma prosesinə təkbaşına nəzarəti ələ keçirmək istəyir. Bundan başqa, mayın 2-3-də ABŞ-la Ermənistan arasında strateji dialoq olub. Rəsmi İrəvan xarici siyasi kursunun qərbə doğru köklənməsini davam etdirir. Heç şübhəsiz, bu da Rusiyanın xoşuna gəlmir. Odur ki, Ukraynada baş verənlər fonunda etiraz aksiyaları Qərbin Cənub Qafqazda fəaliyyətinin, təsirinin azalmasına yönəlmiş hadisədir. Ona görə də “müxalifət” rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə mane olur. Bu həm Ermənistanın inkişafına, həm də regionda və dünyada etibar qazanmasına problem yaradır".

S.Soltan bildirib ki, ölkənin siyasi müxalifəti sayılan keçmiş prezidentlər, onların təmsil etdikləri qüvvə və xaricdəki havadarları çoxdan ifşa olunmuş, sıradan çıxmış, köhnə mürtəce texnologiya ilə Ermənistanda hakimiyyət dəyişikliyi etməyə cəhd göstərirlər:

"Dünya, beynəlxalq ictimaiyyət, regionda vəziyyət 24 ildə çox dəyişib. Koçaryanlar, sarqsyanlar, vanesyanlar dəyişməyib. “Müxalifət” kimdir - buyruq qulu. Bu qüvvənin sponsorları uzun illər Azərbaycan və Ermənistandakı hadisələri, eləcə də Ermənistan daxilindəki prosesləri Qarabağ kartı ilə idarə ediblər. Süni surətdə yaradılmış o məsələ artıq yoxdur.

 Yüz ildən çoxdur ki, qurulan bu problemin saxta olduğu 44 günlük döyüşlərdə yerbəyer oldu. İndi Qarabağ adlı problem yoxdur, gündəlikdə Azərbaycan-Ermənistan münasibətlərinin qurulması kimi vacib real məsələlər var. Bu baxımdan, ilk növbədə, “müxalifət”in sponsorları, havadarlarının düşüncəsində dəyişikliyin olması başlıca şərtdir. 

Zatən, Ermənistandakı 24 il əvvəlki düşüncənin sahibi, təkanvericisi və təşkilatçısı sayılan havadarlar dəyişsəydi, heç Ukraynadakı hadisələr də baş verməzdi...".