Artıq bir neçə müddətdir ki, Emənistanın keçmiş rəhbərləri və onlara yaxın çevrələr kütləvi aksiyalar gerçəkləşdirməklə ölkədə vəziyyəti gərginləşdirməyə çalışır. Nümayişlərdə baş nazir Nikol Paşinyanın və hakimiyyətin əleyhinə şüarlar səsləndirilir. Onlar Ermənistanın Baş naziri N.Paşinyan iqtidarını devirmək və növbəti dəfə hakimiyyəti ələ keçirtmək planını gerçəkləşdirməyə cəhd göstərirlər. Bu, 1998-ci ildə kütləvi itaətsizlik təşkil etməklə Robert Koçaryanın, LevonTer-Petrosyanın istefasını reallaşdırmaq və hakimiyyəti mənimsəmək ssenarisi ilə eynidir. Erməni xalqı 20 ildən artıq bir dövrdə R.Koçaryan-S.Sarkisyan cütlüyünün oğru, talançı və qaniçən rejiminin idarəçiliyinin acı nəticələrini indi də yaşayır.
Son parlament seçkiləri də göstərdi ki, hətta Azərbaycanla müharibədə ağır məğlubiyyət, çoxsaylı insan itkisinə baxmayaraq, erməni xalqı keçmiş cinayətkar və qaniçən rejimin rəhbərlərinə yenidən meydan vermək niyyətində deyil. İndi də bütün cəhdlərə rəğmən, onlar Paşinyan hakimiyyətinə təsirli təzyiq göstərmək üçün küçələrə lazımi kontinqenti çıxartmağa və onları hakimiyyətə qarşı səfərbər etməyə nail ola bilmədilər.
Ermənistandakı daxili gərginliyi "Sherg.az"a dəyərləndirən politoloq Məhəmməd Əsədullazadənin şərhinə görə, etiraz aksiyaları Azərbaycanla normallaşma prosesinə zərbə vurmaq və Paşinyanı devirməyə hədəflənib:
"Bunun arxasında revanşist qüvvələr, "Qarabağ klanı", R.Koçaryan, S.Sarkisyan tandemi dayanır. Sarkisyan da etiraf edir ki, məqsəd Paşinyanı hakimiyyətdən salmaqdır. Xalq etiraz aksiyalarını pisləyir. Onların növbəti hakimiyyətini Ermənistan üçün xaos hesab edirlər. Paşinyan da belə məsələlərdən o qədər də narahat deyil. Çünki seçkilər bir ildir, keçirilib. Erməni cəmiyyəti isə onu dəstəkləyir.
Ermənistan hakimiyyəti sülh və normallaşma prosesinə töhfəsinə apararsa, müxalifətin istədiyi destruktiv durum alınmayacaq.
Qərb, ABŞ İrəvanda daxili vəziyyətin gərginləşməsini qəbullanmır, Paşinyana tərəfdirlər. Ermənistanda müxalifətin xaotik və qeyri-stabil hərəkəti nəticə verməyəcək".