Azərbaycanın diplomatik, siyasi, hərbi gücünü görəndən sonra erməni cəmiyyəti Qarabağdan "əlini üzüb". Digər tərəfdən, bu ölkədə ciddi etirazlar hökm sürür. Hamı bir-birini ittiham edir, işğalçı ölkə xaosun tam içindədir. Şübhəsiz, Koçaryan, Sarqsyan və Vanetsyan kimilərin ideyalarını daşıyanlar mürtəce mövqelərini dəyişmirlər. Amma daha erməni xalqı həqiqəti dərk etməyə başlayıb. Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general Movses Akopyanın Qarabağ məsələsi ilə bağlı açıqlamasını fikirlərimizin sübutu hesab edə bilərik. O qeyd edib ki, Qarabağla bağlı Ermənistan tərəfindən artıq heç kim, heç nə soruşmur.
Erməni generalın açıqlamasını "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltanın sözlərinə görə, 44 günlük müharibə qondarma problemi həllinə qovuşdurub. Artıq belə bir münaqişə yoxdur:
"Müharibədən sonra Nikol Paşinyanın yenidən baş nazir seçilməsi erməni cəmiyyətinin Qarabağ adlı məsələdən yorulduğunun göstəricisidir.
Revanşist Koçaryan, Sarkisyan, Vanetsyanlar Rusiyanın tapşırığı ilə mövzunu gündəmə gətirməyə səy göstərirlər. İndi yalnız Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşması, sülh sazişinin imzalanması əhəmiyyət daşıyır. Regionda 3+3 formatında, Azərbaycan, Ermənistan və Türkiyə arasında əlaqələrin yaxşılaşması, kommunikasiya xətlərinin açılması, sərhədlərin müəyyənləşməsi məsələsi diqqət mərkəzindədir. Ermənistan üçün illərdir, söylənilən vədlərin xülya olduğu çoxdan təsdiqlənib. Erməni ziyalılar, xalq hər şeyi anlayır. Hətta razılıq verməyənlər belə münaqişənin bitdiyini başa düşürlər".
Politoloqun qənaətincə, erməninin generalı da, vətəndaşı da, əsgəri də reallıqla üzləşəcək:
"Aprelin 6-da Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsas istiqamət idi. Tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaq, hörmət edəcək, əməkdaşlıq və s. gerçəkləşəcək. Uydurmalar, Ermənistanda 24 il əvvəlki hadisələrin yenidən dirçəlməsi, təkrarı xaricin, xüsusilə, Rusiyanın sifarişidir. Hadisələri rus mətbuatı daha çox təbliğ edir. 2020-ci ilin noyabrın 10-da Ermənistanın imzaladığı kapitulyasiya aktı bunu bir daha isbatladı".