Rusiya bölgədən çıxmamaq üçün yeni oyunlar qurur
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər etməyi planlaşdırır. Səfər mayın 16-da nəzərdə tutulub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun məlumatına görə, Moskvada KTMT-nin yaranmasının 30 illiyi ilə bağlı quruma üzv dövlətlərin Zirvə toplantısı keçiriləcək. Bu, liderlər səviyyəsində görüş olacaq. İşgüzar səhər yeməyində liderlər arasında təkbətək görüş keçiriləcək. KTMT-nin Baş katibi Stanislav Zasla qurumun indiki sədri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün yekunlarına dair mətbuat konfransı olacaq.
Paşinyanın Moskvaya gözlənilən səfərini şərh edən politoloq Qabil Hüseynli “Şərq”ə açıqlamasında deyib ki, yeni bir oyun gedir:
“Cənubi Qafqazı qarışdırmaq, sülhyaratma prosesini pozmaq istəyirlər. Bütün planların da qurucusu Putindir. Kreml prosesləri tamamilə öz nəzarəti altında saxlamağa çalışır. Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarını pozmaq istəyən Rusiya bölgəni yenidən müharibə şəraitində saxlamaq istəyir. Çünki Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu məhz bu iki ölkə arasındakı qarşıdurmanın mövcudluğuna bağlıdır. Rusiyanın fikrindən hər şey keçə bilər, amma bunu həyata keçirə bilərmi, ya yox sualına cavab vermək o qədər də asan deyil. Bu bir növ Ermənistan tərəfinin papağını qabağına qoyub bu günə qədər olanlardan nəticə çıxarıb, çıxarmayacağına bağlıdır.
Əgər Paşinyan rusların çaldığı havaya oynasa, çox təhlükəli bir qərar vermiş olacaq. Paşinyanın avantürist mövqeyi münaqişənin hərbi yolla həllinə apara bilər”.
Qərbin Rusiyanın bölgədə pozuculuq fəaliyyətinin neytrallaşdırılmasına yönəlik addımlar atdığını vurğulayan politoloq vurğulayıb ki, ABŞ və Avropa ölkələri sülhyaratma prosesini öz əllərinə alıb, Rusiyanı oyundan çıxartmağa çalışırlar: “Bu isə o anlama gəlir ki, artıq Rusiyanın iştirakı olmadan bölgədə yeni sülh yaratmaq təşəbbüsü önə çıxıb.
Putin Paşinyanı Moskvaya dəvət etməklə prosesə özünün təsir gücünü saxladığını göstərməyə çalışır. Ona görə də görüşdən sonra Paşinyanın atacağı addımlar, verəcəyi bəyanatlar maraqla gözlənilir. Baxaq görək son nəticə necə olacaq”.