Qarabağda "rus icması" təhlükəsi!- “Azərbaycana təsirləri saxlamaq istəyir”

Mayın 10-da Araik Arutyunyan Xankəndində “rus icmasının rəhbəri” Aleksandr Bordovun başçılıq etdiyi "rus icması" nümayəndələrini qəbul edib.
Bu addım Rusiyanın Qarabağdakı "icma" sevdasını gündəmə gətirir. Separatçılar “rus icması” və “rus dili” üzərindən gələcək mövcudluqlarının Moskvanın təminatı altına alınmasına çalışır.

Bu “icma”nın üzvlərinə Rusiya pasportları da paylanıb. Maraqlıdır ki, Qarabağda yaşayan rusların sayı çox deyil. Bəs , Qarabağda təşkilatlanmış “rus icması”na niyə ehtiyac duyulur?

Mövzu ilə bağlı "Sherg.az"a danışan Ağ Partiya sədri Tural Abbaslı Qarabağda "rus icması"nın yaradılma cəhdinin təhlükə olduğunu söyləyib:

"Rusiya "icma" məsələsindən bütün dünyada istifadə edir. Ukraynada da guya, bir çox hallarda rus dillilərə qarşı ayrı-seçkiliyin olması ilə mövqe bildirir. Digər ölkələrdə də "rus icması"nın müdafiəsi üçün siyasi, iqtisadi, bəzən hərbi müdaxiləyə cəhd göstərir. Rusiya hazırkı məqamda Ermənistanda yetəri qədər güvənmir. Artıq ermənilərin onun təsirindən hər dəqiqə qaçmağa hazır dayandıqlarını başa düşür. Ona görə, ehtiyat variant kimi "rus icma"sını gündəmə gətirir. Regionda və Azərbaycana təsir imkanları saxlamaq istəyir. Lakin məntiqsizdir. Bir neçə nəfər rus yaşayan yerə "icma" yaradırsa, Amerikada, Fransada, Britaniyaya da iddia etsin. Çünki orda çox rus yaşayır. Sonra desinlər ki, "Londonun filan hissəsində muxtariyyət verilsin", və yaxud "Britaniyanın rəhbərliyi ilə "icma" hüquqlarının qorunması barədə danışırıq". 

Azərbaycan çox millətli dövlətdir. Hər millət özünə "icma" yaratsa, dövlətin bütövlüyü aradan qalxa bilər. Amma Rusiya bu istiqamətdə işlər görür. Hətta Dumada belə nəinki rus kökənli, eyni zamanda rusdilli əhaliyə avtomatik vətəndaşlıq alma haqqında qərar təsdiqləyir. Ona görə ölkəmiz diqqətli davranmalı, qabaqlayıcı tədbirlər görməlidir".