Azərbaycan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri gözlənilir.
Nümayəndə heyətinə Energetika, Yüksək Texnologiyalar və Nəqliyyat, Xarici İşlər nazirlikləri, Gömrük Komitəsi, Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və digər qurumların məsul vəzifəli nümayəndələri daxildir.Səfər çərçivəsində nümayəndə heyətinin İranın Yol və Şəhərsalma Nazirliyi, Xarici İşlər Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı və digər qurumlarında görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, mehriban qonşuluq, dostluq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-İran münasibətləri dinamik inkişaf edir. 2021-ci il noyabrın 28-də Aşqabad şəhərində keçirilmiş İƏT dövlət başçılarının Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü ikitərəfli əlaqələrin inkişafına önəmli təkan verdi. Bu gün İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə cəlb edilməsi ikitərəfli əlaqələrin dinamik inkişafının təzahürüdür.
Baş tutacaq səfərdən gözləntiləri "Sherg.az"a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, Azərbaycan İran münasibətləri iqtisadi yöndə inkişaf edir. Bu, hər iki dövlətin maraqlı çərçivəsində bir prosesdir:
"Nəqliyyat, tranzit, logistika, energitika, sənaye, ticarət, sərmaye və digər məsələlər də daxil bir çox məqamların tərəflər arasında müzakirə predmetinə çevrilməsi gözlənilir. Müzakirələr Azərbaycanla İran arasında imzalanmış Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək kommunikasiyaların icrası ilə əlaqəli olacaq.
Avtomobil və dəmiryolu xəttləri istiqamətində işlər gedəcək. Bu da tərəfdaşların maraqlarını ifadə edən geosiyasi, geostrateji layihədir.
Zəngəzur dəhlizinin açılması da gündəmdədir. Lakin gerçəkləşməsi ləngiyir, Ermənistan maraqlı tərəf kimi görünmür. Rusiyanın moderatorluğu altında prosesə nəzər salsaq, baş nazirlərin müavinləri səviyyəsində görüşlərin keçirilməsinə rəğmən konkret addım atılmayıb. Rusiya da hələki prosesin reallaşmasında maraqlı deyil".
Politoloqun qənaətincə, Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək kommunikasiyaların işləməsi iki dövlətə də qazandıracaq:
"İqtisadiyyatın bütün sahələri üzrə qonşu Azərbaycanla əməkdaşlıq Qərbin , xüsusilə ABŞ-ın sanksiyaları altında əzilən İran üçün əvəzolunmaz prosesdir. Azərbaycan hər cür əməkdaşlığa açıq olduğunu bildirib.
İranda inqilabi mühafizə qüvvələri Azərbaycana düşmən mövqe bəsləyirlər. İran regionda geosiyasi dəyişikliklərə bağlı, xüsusilə Qərbi Zəngəzura dair məsələdə dövlətinin "boynunu aşan" bəyanatlar səsləndirir. Ermənistanın "dəyirmanına su tökür".
Nümayəndə heyətinin içində XİN, Silahlı Qüvvələrin Baş Qərargah nümayəndələri də iştirak edəcək. Belə olması təhlükəsizlik məsələlərinin müzakirə mövzusuna çevrilə bilməsindən xəbər verir.
Azərbaycanla dostluq etdiyini göstərən İran, səhnə arxasında düşmənçilik mövqeyi göstərir. İran Qarabağın dirçəlməsində iştirak istəyi duyur. Amma sözügedən fikrin mümkünlüyü üçün ölkəmizə qarşı düşmənçiliyi aradan qaldırmalıdır.
İqtisadi, ticari əməkdaş olan tərəflərin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına təkan verməlidir".