Ermənistanda xaos dərinləşir! Anlasınlar: “Sülh yoxdursa, inkişaf da olmayacaq”

44 günlük Qarabağ müharibəsindən sonra Ermənistandakı xaos daha da dərinləşməkdədir. Paytaxt İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar  səngimir. Həmçinin erməni dövlət orqanlarında mübhəm proseslər baş verir. Məsələn, İrəvanda Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) kapitanı intihar xəbəri yayılıb.

Belə ki,  paytaxt ərazilərinin birinin həyətində kişi meyitinin tapılması barədə polis idarəsinə məlumat daxil olub.

MTX-də kapitan rütbəsi daşıdığı söylənilən 32 yaşlı Mamikon O.-nun ölümü araşdırılır.

Erməni kapitanın ölümü ilə bağlı fikirlərini "Sherg.az"la bölüşən politoloq Həsrət Rüstəmovun qənaətincə, gizli xidmət əməkdaşlarının intiharı həmişə sual doğurur:

"İstənilən ölüm hadisəsinin intihar  olduğunu sübuta yetirmək üçün istintaq lazımdır.  Bəlkə də, onu  öldürüblər, intihar kimi qələmə veriblər".

İrəvandakı aksiyalardan söz açan H.Rüstəmov bildirib ki,Ermənistandakı vəziyyətin qarışıqlığı, Paşinyana qarşı qüvvələrin fəallaşmasının səbəbi Rusiya ilə əlaqəlidir:

"Onun  başı Ukraynaya qarışıb. 

Azərbaycan və Ermənistan arasında 44 günlük savaşdan sonra Rusiyanın indiyə qədər yubatdığı  sülh müqaviləsinin imzalanması gerçəkləşməsin deyə, İrəvanda aksiyalar keçirilir.

Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altıda həyata keçirilən aksiyalardır. Sülhün imzalanmasını istəməyən qüvvələrin tələbləri Ermənistanın maraqlarına uyğun deyil.

 Erməni xalqı başa düşməlidir ki, müqavilə imzalanmasa, sülh və əmin-amanlıq, inkişaf olmayacaq. Bu yalnız Rusiyanın maraqlarına cavab verir. MTX kapitanının intiharı da bu konteksdən dəyərləndirilməlidir. 

Daxili gərginliyin sabitləşməsi üçün ya Rusiyanın tələbləri reallaşmalıdır, ya da hər hansı formada sülh müqaviləsi imzalanmalıdır".