Mayor Orxan Məcidli: Orduda 17 il xidmət etməyimin ən böyük mükafatı Zəfər qazanmağımız oldu

Uzun illər işğal altında qalmış ərazilərimizin düşməndən azad olunmasını gözlədik. Torpaqlarımızın əsarətdən xilas edilməsi üçün müxtəlif variantlar sınandı, danışıqlar aparıldı. Lakin dövlətimizin humanist və sülhpərvər yanaşmasına Ermənistan hökuməti təxribatlarla cavab verdi. Son təxribatlar isə səbir kasamızdakı axırıncı damlanı da daşırdı və 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusuna əks-hücum əməliyyatına keçmək əmri verildi. Müharibə başlayanda 17 il idi ki, Azərbaycan Ordusunda xidmət edirdim. Bu illər ərzində çəkdiyim əziyyətimin ən böyük mükafatı və səmərəli nəticəsi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfər qazanmağımız oldu.

Bu fikirləri Müdafiə Nazirliyinin baş zabiti mayor Orxan Məcidli AZƏRTAC-a müsahibəsində səsləndirib.

“İkinci Qarabağ müharibəsində Qələbə əldə etməyimizin əsas səbəblərindən biri də vaxtilə keçirilən təlimlər nəticəsində hərbi qulluqçuların peşəkarlığının artırılması idi. Çünki əsgər, zabit, hərbi qulluqçu təlim keçməsə, təlimi döyüş meydanı kimi görməsə, döyüşdə nailiyyət qazana bilməz. Hər bir hərbi qulluqçu düşmənlə döyüşə girəndə özünü rahat hiss etməlidir. Bunun üçün həm fiziki, həm də psixoloji hazırlıq lazım idi. Məhz həmin hazırlığın, peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu 44 günün sonunda şanlı Qələbə qazandı. Uzun müddətdən sonra Zəfəri xalqımıza yaşadanlardan olduğum üçün ordumuzun bir mənsubu kimi çox xoşbəxtəm. Onu da bildirim ki, hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusu tam yerləşərək xidmətini davam etdirir.

Vətən müharibəsi zamanı Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etdiyini bildirən zabit deyib: "Bəzən bir neçə ay əvvəl orduda xidmət etməyə başlayan gənc əsgərlərimiz də qəhrəmanlıqları ilə seçilirdilər. Mən buna bir neçə dəfə şahid oldum. Birinci növbədə hər bir Azərbaycan vətəndaşının borcu idi ki, savaş zamanı Ana Vətənin müdafiəsinə, haqq mübarizəsinə qalxsın. Digər yandan da gənclərin düzgün yetişməsinin, evdə, məktəbdə aşılanan vətənpərvərlik hisslərinin nəticəsidir ki, onlar yaşlarının az olmasına baxmayaraq, irəli getməkdən çəkinmir, verilən tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün əllərindən gələni əsirgəmirdilər. Gənclərimizin şücaəti hər birimizin sinəsini qabartdı”.

Hazırda üç övlada sahib olduğunu söyləyən Müdafiə Nazirliyinin baş zabiti əlavə edib: “O vaxt onları Vətənə əmanət qoyub, hər şeyi gözə alaraq döyüşlərə getdim. Vətənə borcumuzu qaytarmağın vaxtı idi. Əmanətlərimiz əmin əllərdə idi. Fikirləşirdim ki, geri dönərsəm alnıaçıq, üzüağ dönəcəyəm. Şəhid olacaqdımsa da, məndən geri nişanələrim qalacaqdı. Onlar mənimlə fəxr edər, böyüyəndə istənilən sahədə Vətənin layiqli xidmətçiləri olarlar. Şəhid olan silahdaşlarıma Allahdan rəhmət, yaralananlara cansağlığı arzu edirəm”.

Qeyd edək ki, mayor Orxan Məcidli ölkə başçısının müvafiq sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.