Onlar harada, hansı kəndlərdə, hansı ərazilərdə minaların basdırıldığını dəqiq bilirlər
“4 kəndin Azərbaycana geri verilməsi ilə bağlı razılıq əldə etdikdən sonra həmin kəndlərin ərazilərindəki mina xəritələri elə erməni ordusu tərəfindən qısa müddətdə təmizləndi”
Ermənistan 30 illik işğal dövründə çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşılaşdığı ən böyük problemlərdən biri də işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Bu problemi hökumət strukturları, xüsusilə də dövlət başçısı, qeyri-hökumət təşkilatları, mətbuat daim diqqət mərkəzində saxlayır və bütün müvafiq platformalarda Azərbaycanın qarşılaşdığı problem beynəlxalq aləmə çatdırılır. Azərbaycan ərazilərində kütləvi şəkildə minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün təhlükə yaradır. Qeyd edək ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərə jurnalistlər üçün mediatur təşkil edib. ANAMA-nın əməliyyat rəhbəri Habil Babayev məlumat verib ki, 2020-2024-cü illər ərzində ümumilikdə Şərqi Zəngəzur və Qarabağ ərazisində 379 nəfər mina qurbanları olub. O qeyd edib ki, bunlardan da 70 nəfəri həyatını itirib. 309 nəfər isə müxtəlif bədən xəsarətləri alıb: "İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi müşahidə edilir. Onların işə düşməsi zamanı insanların həyat və ya sağlamlığının itirilməsi, uzunmüddətli ağır psixoloji travma almaları ilə nəticələnir. Əksər hallarda minaların qurbanları mülki əhali olur". Habil Babayev vurğulayıb ki, ANAMA Şərqi Zəngəzur və Qarabağ ərazisində bu günə qədər 161 min hektar ərazidə təmizləmə işləri aparıb. Bu günə qədər 157 min ədəd mina və partlamamış hərbi sursat agentliyin partlayış qrupu tərəfindən yerində zərərsizləşdirilib.
Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a deyib ki, ərazilərimizin ermənilər tərəfindən minalanması Azərbaycana külli miqdarda, maddi-mənəvi, fiziki ziyan vurub. Ekspertin sözlərinə görə, mina terroru nəticəsində yüzlərlə insanımız həyatını itirib, yaralanıb:
"Üçtərəfli bəyannaməyə əsasən, Ermənistan mina xəritələrini Azərbaycana təhvil verməliydi. Ancaq təhvil verilən xəritələrin heç 25 faizi həqiqəti əks etdirmədi. Bu, bir daha Ermənistanın əməkdaşlıqda maraqlı olmadığını və mina xəritələrini Azərbaycana doğru-dürüst vermək istəmədiyini göstərdi. Bu gün iki ölkə arasında aktiv şəkildə delimitasiya və demarkasiya məsələləri müzakirə olunur, tərəflər sülh prosesinə yaxınlaşır. Hətta belə vəziyyətdə də Ermənistan mina xəritələri məsələsində konstruktiv mövqe nümayiş etdirmir. Halbuki əminliklə deyə bilərik ki, dəqiq mina xəritələri Ermənistanda var və onlar harada, hansı kəndlərdə, hansı ərazilərdə minaların basdırıldığını dəqiq bilirlər. 4 kəndin Azərbaycana geri verilməsi ilə bağlı razılıq əldə etdikdən sonra həmin kəndlərin ərazilərindəki mina xəritələri elə erməni ordusu tərəfindən qısa müddətdə təmizləndi. Bu, bir daha onu göstərir ki, ermənilər hansı ərazilərdə minaların olduğunu dəqiq bilirlər və öz təhlükəsizlikləri üçün bu mina xəritələrinin dəqiq yerlərini təsbit edərək təmizləyirlər. Amma Azərbaycana verdikləri mina xəritələri təəssüf ki, reallığı əks etdirmir".
Ə.Şahidov bəyan edib ki, Ermənistan mina xəritələri üzərindən də siyasi oyun quraraq müharibə cinayəti törətməyə davam edir: "Düşünürəm ki, mütəmadi olaraq BMT-nin Təhlükəsizlik Şurasında, digər beynəlxalq təşkilatlarda mina xəritələri məsələsini gündəmə gətirməliyik. Beynəlxalq təşkilatların Ermənistana bu məsələdə təzyiq göstərməsinə çalışmalıyıq. Amma beynəlxalq təşkilatlarda, xüsusən xristian Avropasında ikili standartlar artıq həyat tərzinə çevrilib. Qərbin marağında olan məsələlərdə qısa müddət ərzində qərarlar çıxarılır və həyata keçirilir. Amma Azərbaycan, Türkiyə, müsəlman-türk dünyası ilə bağlı məsələlərdə, təəssüflər olsun ki, bu operativliyi müşahidə edə bilmirik. İstənilən halda Azərbaycan mina xəritələri məsələsini hər zaman gündəmdə saxlayır. Bu məsələ hər zaman Azərbaycan dövlətinin gündəmində olacaq".