8 Noyabr Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub

Cəlil Xəlilov: Azərbaycanda müasir ordunun formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır

Azərbaycanda müasir ordunun formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə Azərbaycan Silahlı Qüvvələri öz inkişafının zirvəsinə çatdı.

Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib.

O qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin ordu siyasəti ötən əsrin 90-cı illərində Azərbaycana erməni işğalının daha da genişlənməsinin qarşısını almağa kömək etdi: “Həmin illərin əvvəllərində Azərbaycan müstəqillik əldə etsə də, nizami ordu yox idi. Ayrı-ayrı silahlı dəstələr, yerli özünümüdafiə batalyonları öz imkanları daxilində erməni işğalına müqavimət göstərməyə çalışırdı. Nizami ordunun və vahid komandanlığının mövcud olmaması bu qüvvələri birləşdirməyə, düşmənə qarşı sistemli mübarizə aparmağa, hərbi əməliyyatları bir mərkəzdən idarə etməyə imkan vermirdi. Məhz bu səbəbdən də düşmən irəliləyir, Azərbaycan xalqına məxsus tarixi torpaqları zəbt edirdi”.

Respublika Veteranları Təşkilatının sədr müavini bildirib ki, Ulu Öndər nizami ordu formalaşdırmaqla bu problemi həll etdi. Bütün silahlı dəstələr, özünümüdafiə batalyonları nizami ordunun tərkibində birləşdi. Vahid komandanlıq yaradıldı. Ordunun ehtiyaclarının qarşılanması, onun maddi-texniki təminatının, silah təchizatının, peşəkarlığının artırılması istiqamətində ciddi addımlar atıldı. Qısa müddətdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda düşmənə layiqli cavab verən, onun hücum əməliyyatlarını dayandıran nizami ordu formalaşdırıldı. Ancaq nizami ordu quruculuğunun həyata keçirilməsi asan məsələ deyildi. Bunun üçün peşəkar kadrlara ehtiyac duyulurdu. Bu məsələdə bir daha Ümummilli Liderin uzaqgörənliyi öz sözünü dedi. Heydər Əliyevin tapşırığı ilə nizami ordu quruculuğu prosesində hərbi kadrlara olan ehtiyacı təmin etmək üçün yüzlərlə gənc hərbçi təhsil almaq məqsədilə dünyanın müxtəlif dövlətlərinə göndərildi. Bu fakt sübut edir ki, Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri sonsuz və əbədidir.

“Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrində həyata keçirdiyi islahatlar nəticəsində bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Dövlətimizin başçısının tapşırığı ilə ordumuzun döyüş hazırlığı, texniki təchizat səviyyəsi yüksəldi. Azərbaycan bu gün iqtisadi gücünə görə Qafqazda lider dövlətə çevrilib. Vətən müharibəsində düşmənin 44 gündə darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük sübutudur. Hazırda ordumuz silah-sursata, hərbi texnikaya olan ehtiyacının önəmli bir hissəsini yerli istehsal hesabına ödəyir. Azərbaycanda hərbi sənaye sürətlə inkişaf etməkdədir. Bu, Azərbaycanın müdafiə və təhlükəsizlik qüdrətini təmin edən əsas amillərdəndir. Bu gün dövlətimiz xaricə çoxlu sayda silah-sursat, müxtəlif hərbi ləvazimatlar ixrac edir. Bütün bunlar yaxın gələcəkdə Azərbaycanın hərbi sənayesinin və Silahlı Qüvvələrimizin regiondakı liderlik mövqeyini gücləndirəcəyini göstərir”, - deyə polkovnik vurğulayıb.

Hərbi-siyasi ekspert diqqətə çatdırıb ki, Azərbaycan Ordusunun uğurlu inkişafı Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır: “Dövlətimizin başçısının həm siyasi, həm də hərbi fəaliyyəti əsrlər sonra da öyrəniləcək, təbliğ ediləcək. Lakin Ali Baş Komandanın xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidməti erməni işğalına son qoyması, 8 Noyabr Zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu şanlı Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub və bizə bu böyük qürur hissini məhz Prezidentimiz yaşatdı.

“Əminəm ki, Prezidentimizin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirəcək. Veteranlarımız bu böyük və müqəddəs işdə bundan sonra da dövlətimizin başçısını dəstəkləməkdə davam edəcək, onun siyasətini qətiyyətlə müdafiə edəcək”, - deyə Cəlil Xəlilov bildirib.