Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bu il Tbilisidə Azərbaycanla Gürcüstan arasında Hökumətlərarası Komissiyanın iclası, eləcə də iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.
“Report” xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.
“Əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Postpandemiya dövründə daha da aktiv olmalıyıq. Bugünkü tədbir ikitərəfli əlaqələrə, əməkdaşlığa töhfə verəcək. Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Uzun əsrlər davam edən münasibətlər var, postpandemiya dövründə bir neçə yüksək səviyyəli görüş həyata keçirilib. Biz bir sıra istiqamətlərdə əməkdaşlıq edirik”, - Z.Pataradze vurğulayıb.