AMİP 30 yaşında...


Etibar Məmmədov: "Müstəqilliyimizin əldə olunmasında bizim təşkilat fəal iştirak edib və böyük zəhməti olub"

Arzuxan Əlizadə: "AMİP 30 il ərzində Azərbaycanda baş vermiş bütün hadisələrin, siyasi-ictimai proseslərin episentrində olub"

  İyulun 4-də müstəqil Azərbaycanın ilk siyasi partiyası olan Milli İstiqlal Partiyasının yaradılmasının 30 illiyi tamam oldu. Partiyanın otuz illik yubileyi münasibətilə keçirilən tədbirdə iqtidar və müxalifət partiyalarının nümayəndələri, partiya funksionerləri, o cümlədən media mənsubları da iştirak etdilər. Azərbaycan Milli İstiqlal Partiyası 30 ildə çox keçməkeşli həyat yolu keçib. Partiya təkcə mövcud siyasi mühitlə mübarizə aparmayıb, həm də siyasi təşkilatlanmanın şaxələnməsində mühüm rol oynayıb. AMİP Azərbaycanın ictimai-siyasi həyatında öz nüfuzu, aydın ideoloji xətti olan, milli dəyərlərin mühafizəçisi kimi tanınıb. 

3-4 iyul 1992-ci il tarixlərində Etibar Məmmədovun rəhbərliyində təsis edilmiş partiya 17 iyul 1992-ci il tarixində Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Xalq Cəbhəsinin sabiq üzvləri tərəfindən təsis olunub. 

Partiya indiyədək 11 qurultay keçirib və 5 dəfə yeni sədr seçilib. Partiya sıralarında olmuş bir çox şəxs sonralar istefa veriblər. Onlardan daha sonra yüksək vəzifələrə təyinat alanlar da olub. Məsələn, bu şəxslərə sabiq baş nazir Novruz Məmmədov, baş nazirin sabiq müavini Elçin Əfəndiyev, baş nazirin müavini Əli Əhmədov, səfir, sabiq xarici işlər naziri Vilayət Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyevi və başqalarını nümunə göstərmək olar. Azərbaycan Milli İstiqlal Partiyasından ayrılmış bəzi şəxslər daha sonra öz partiyalarını təsis ediblər. Abutalıb Səmədov Azərbaycan Naminə Alyans Partiyasını, Elşad Musayev Böyük Azərbaycan Partiyasını, Əli Əliyev Vətəndaş və İnkişaf Partiyasını, İlqar Məmmədov isə Respublikaçı Alternativ Hərəkatını təsis ediblər. Əslində AMİP-in təşəkkül prosesi 1991-ci ildən başlayıb. 1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi daxilində fikir ayrılıqları yaşandığı üçün bir qrup şəxs Etibar Məmmədov ətrafında birləşib.

 Etibar Məmmədov və onu dəstəkləyən bir qrup şəxs yeni siyasi partiya - Azərbaycan Milli İstiqlal Partiyasının Təşkilat Komitəsini yaradıblar. Bu barədə 15 oktyabr 1991-ci il tarixində Azərbaycan Televiziyası ekranlarından Təşkilat Komitəsinin Bəyənnaması elan olunub. Növbəti gün isə Etibar Məmmədovun çap etdirdiyi “Millət” qəzetinin sınaq nəşrində məlumat dərc edilib. Təşkilat Komitəsi 3 iyul 1992-ci il tarixinə qurultay çağırıb. Həmin tarixdə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında partiyanın Təsis Qurultayı keçirilib. Qurultayın ilk günündə sabiq dövlət katibi və baş nazir Pənah Hüseyn tərəfindən eks prezident Əbülfəz Elçibəyin təbrik məktubu oxunub. Qurultayda tək namizəd olan Etibar Məmmədov lehinə 419 səs, əleyhinə isə 3 səs verilib. 

Beləliklə, 71 illik təkpartiyalı sistem tarixə qovuşub və müstəqil Azərbaycan Respublikasının ilk rəsmi siyasi partiyası fəaliyyətə başlayıb. 2001-ci ildən bu yana qərargahsız fəaliyyət göstərən partiyaya 2020-ci ilin sonlarında qərargah ayrılıb. Azərbaycan Milli İstiqlal Partiyası 1995-ci ildən Beynəlxalq Demokratlar İttifaqı ilə əməkdaşlıq etməkdədir. Partiya 1999-cu ilin may ayından Beynəlxalq Demokratlar İttifaqının tam hüquqlu üzvü olub. Partiya, həmçinin, Avropa Parlamentində mövcud olan Avropa Xalq Partiyası ilə əməkdaşlıq etməkdədir. Azərbaycan Milli İstiqlal Partiyasının Məramnaməsinə əsasən partiya istiqlalçılıq, azərbaycançılıq, milliyətçilik, milli dövlətçilik, hürriyətçilik və öncüllük prinsiplərinə sahibdir. 

  Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, keçmiş millət vəkili Etibar Məmmədov deyib ki, AMİP-in yaranması Azərbaycan tarixində mühüm hadisədir. Partiyanın 30 illik fəaliyyətindən danışan Etibar Məmmədov vurğulayıb ki, Azərbaycanda təşkilatlanmış və ilk qeydiyyatdan keçmiş siyasi partiya Azərbaycan Milli İstiqlal Partiyası olub: 

“AMİP hakimiyyətə alternativ olaraq yaradılmış və bunu elan etmiş ilk siyasi təşkilatdır. Partiyanın yaranması ilə ölkəmizdə çoxpartiyalı sistemin əsası qoyuldu. O vaxta qədər Azərbaycanda siyasiləşmə, partiyalaşma ənənəsi olmamışdı. Bunun əsasını AMİP qoydu və sonrakı partiyalaşma prosesinə təkan verdi. Partiya bir çox ilklərə imza atıb. Dövlətçilik, partiyalaşma və iqtisadi ənənələrin əsasını qoyub. Bununla da Azərbaycanın siyasi həyatının ayrılmaz və unudulmaz bir hissəsinə çevrilib. Mən bu partiyanın yaradılmasında iştirakıma görə qürur duyuram”. 

  E.Məmmədov AMİP-in siyasi təşkilat olaraq bir çox hədəflərinə çatdığını bəyan edib: 

“Ümummilli hədəflərimizdən biri istiqlalımızın qazanılması, Azərbaycanın müstəqilliyinin əldə olunması idi. AMİP bu prosesdə çox fəal iştirak edib və böyük zəhmətləri olub. Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya aktının müəlliflərindən biri də AMİP idi. Partiyamızın qanunvericilik təşəbbüsü ilə irəli sürülən həmin layihə Milli Məclisdə qəbul olunub. 18 oktyabr Azərbaycan tarixinə Müstəqilliyimizin Bərpası Günü kimi daxil olub. Digər hədəflərimizdən biri milli ordunun yaradılması, ordu quruculuğunda iştirak idi. AMİP üzvləri milli ordunun təşəkkül prosesində də yaxından iştirak ediblər. Biz buna görə də fəxr edirik”.

  Hazırda partiyaya sədrlik edən Arzuxan Əlizadə “Şərq”ə açıqlamasında vurğulayıb ki, AMİP müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçmiş siyasi təşkilatıdır. A.Əlizadə vurğulayıb ki, 1991-ci il oktyabrın 15-də partiyanın yaranması ilə bağlı Təşkilat Komitəsinin bəyanatı olub: 

“Həmin bəyanat Azərbaycan televiziyasında səsləndirilib. Oktyabrın 16-da isə “Millət” qəzetində partiyanın yaradılması ilə bağlı bəyanat dərc olunub: “Bəyanat dərc olunandan iki gün sonra, yəni 1991-ci il 18 oktyabr tarixində Azərbaycanın müstəqillik aktı qəbul olundu. Müstəqillik aktının müəllifləri arasında AMİP-in qurucularından Etibar Məmmədov və tanınmış vəkil Fuad Ağayev də olublar. Daha sonra partiyanın təşkilatlanma dövrü başlayıb. 1992-ci ilin iyulun 3-4 tarixlərində partiyanın ilk təsis qurultayı keçirilib. Ayın 17-də isə rəsmi dövlət qeydiyyatına alınmış ilk siyasi təşkilat olaraq fəaliyyətə başlayıb. AMİP elə ilk günlərdən qarşısına qoyduğu məqsədlər fonunda dövlət və milli maraqları hər şeydən üstün tutacağını bəyan edib. Dövlət və milli maraqlar olan yerdə digər partiya və siyasi maraqların arxa plana keçəcəyini vurğulayıb. 30 il ərzində də bu ənənəsinə sadiq qalıb və bundan sonra eyni yol üzərində gedəcək. Dövlət müstəqilliyinin əldə olunmasında partiyanın özəyini təşkil edən insanlar fədakarlıq göstəriblər. Azərbaycanın dövlət kimi Türkiyə və Pakistan tərəfindən rəsmən tanınmasında partiyanın qurucusu, hazırda fəxri liderimiz olan Etibar Məmmədov hökumət komissiyasının rəhbəri kimi çıxış edib. Son dönəmlərdə Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında AMİP özünün beynəlxalq əlaqələrindən maksimum istifadə edib. Bu istiqamətdə təbliğatlar aparıb. Ölkənin ən çox beynəlxalq əlaqələrə malik siyasi təşkilatı olaraq 30 il ərzində Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışmışıq və buna nail olmuşuq. Eyni zamanda ərazilərimiz işğal altında olarkən torpaqlarımızın azadlığı üçün ciddi fəaliyyət göstərmişik. Bir sıra mühüm sənədlərin qəbul olunmasına nail olmuşuq. Həmçinin, informasiya müharibəsində fəal iştirak etmişik”. 

  A.Əlizadə qeyd edib ki, AMİP 30 il ərzində Azərbaycanda baş vermiş bütün hadisələrin, siyasi-ictimai proseslərin episentrində olub: 

“Prezident, parlament və bələdiyyə seçkilərinə öz namizədlərimizlə qatılmışıq. Uğurlarımızla yanaşı, uğursuz hesab etdiyimiz bir sıra fəaliyyətimiz də olub. Ancaq hər zaman bütün proseslərdə aktiv iştirak etməklə yanaşı, dövlət və milli maraqları hər şeydən öndə tutmuşuq. Ölkəmizin əksər regionlarında, rayonlarımızda yerli təşkilatlarımız var. Partiyamızın çoxminlik üzv “ordusu” var. Hamımız birlikdə Azərbaycan dövlətinin gələcəkdə daha güclü, qüdrətli olmasına, regionda siyasi-iqtisadi və hərbi cəhətdən güclənməsinə əlimizdən gələn töhfəni verməyə hazırıq”.