«Consonun xələfi də Rusiyaya qəti mövqe sərgiləyəcək»

«Böyük Britaniya ilə Azərbaycan, eləcədə, Türkiyə münasibətləri daha da yaxşılacaq»

«Türkiyə regionda açar dövlətdir. Qərbin maraq dairəsindədir. Azərbaycanda Avropanın böyük transmilli korporasiyaları fəaliyyət göstərir »

 «BP ("British Petroleum") şirkətinin Azərbaycanda yerləşməsi təhlükəsizlik təminatçısı kimi dəyərləndirilməlidir» 


Böyük Britaniyanın baş naziri Boris Conson istefa verib. B. Conson istefasını xalqa müraciətində açıqlayıb. O, ictimaiyyətə "böyük imtiyaz" üçün təşəkkürünü bildirib: "Hər şeydən əvvəl, mənə verdiyiniz böyük imtiyaz üçün sizə, Britaniya ictimaiyyətinə təşəkkür etmək istəyirəm", - deyib.

Artıq kulislərdə yeni baş nazir namizədləri haqqında danışılır. Birləşmiş Krallıqda baş nazir istefa verdikdə, bir qayda olaraq, seçki keçirilmir.  B.Conson istefa versə də, onun payıza qədər vəzifəsinin başında qalacağı gözlənilir.
Xatırladaq ki, B. Conson Baş nazir olmaqla yanaşı Mühafizəkarlar Partiyasının da sədridir. Bir neçə həftə əvvəl Mühafizəkarlar Partiyasında Boris Consona etimad səsverməsi keçirilib.

Conson iyunun 6-da partiyasının parlament qrupunda keçirilən etimadsızlıq səsverməsində 148 əleyhinə 211 səslə qalib gəlib. Mühafizəkarlar Partiyasının 359 deputatının 40 faizindən çoxunun Consonun istefa verməsini istəməsi İngiltərə baş nazirinin daxili siyasətdə çətin günlərini gözləməsi kimi şərh edilib.

Böyük Britaniyanın baş naziri B.Consonun istefasını "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Rusif Məmmədsoy bildirib ki, bu addım Böyük Britaniyanın xarici siyasət strategiyasına təsir göstərməyəcək:

"Müəyyən korrektələr mümkündür. Ancaq Ukrayna, Estoniya kimi ölkələrlə, eyni zamanda Türkiyə ilə birgə ittifaq qurma istəyi sadəcə B.Consonun fəaliyyətinin nəticəsi deyil, eləcə də, Böyük Britaniyanın da istəyidir. Belə istefalar normal qəbul olunmalıdır. 1979-cu ildə baş nazir postuna gələn Marqarit Tetçer də öz partiyası tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Boris Conson eyni aqibətlə üzləşmiş kimi qiymətləndirilməlidir.
Consondan sonra gələn baş nazir Rusiyaya qarşı qəti mövqe sərgiləyəcək. Məsələlərə təkcə Conson amili üzərindən yanaşmamalıyıq, eyni zamanda bu,Avropanın mövqeyidir. Ukrayna hadisələri fonunda Consonun istefası çox gündəmə gətirilir. Bəlkə də, adi zamanda yaşansaydı, gündəmə çevrilməzdi. Consonun hakimiyyətdən getməsi qarışıq dövrə təsadüf etdiyi üçün özü ilə bərabər bu qədər suallar yaratdı".

Analitikin fikirlərinə əsasən,  Consonun xələfi kimi hind əsilli şəxslərdən biri qatı anti -Rusiya mövqeyindədir, lakin bu əhəmiyyət daşımır:

"Rusiya Ukraynada uğur qazansa, Avropa üçün ağır nəticələnər. Artıq siqnallar da eşidilir. Moldova, Dnestryanıda uzun illərdir seperatizm hökm sürür. Növbəti hədəf Polşa da ola bilər. Polşanın canfəşanlıqla Ukraynanı dəstəkləməsi boşuna deyil. Hər kəs vahid düşmənə, yəni Rusiyaya qarşı mübarizə aparır. Rusiya dünya üçün təhdidə çevrilib.
Böyük Britaniya ilə Azərbaycan, eləcədə, Türkiyə münasibətləri daha da yaxşılacaq. Türkiyə regionda açar dövlətdir. Qərbin maraq dairəsindədir. Azərbaycanda Avropanın böyük transmilli korporasiyaları fəaliyyət göstərir. BP ("British Petroleum") şirkətinin Azərbaycanda yerləşməsi təhlükəsizlik təminatçısı kimi dəyərləndirilməlidir.
Rusiyalı deputat Mixayil Delyagin Azərbaycanın neft sənayesini bombalamaqla hədələdi. Görünür, Azərbaycanın Ukraynaya neft verməsi Rusiyada bəzi dairələrin xoşuna gəlməyib. Ardınca Böyük Britaniyanın Müdafiə naziri ölkəmizdə peyda oldu. Rusiyaya Azərbaycanın tək olmadığı sinqalı verildi. Şuşa Bəyannaməsini imzalamışıq, yanımızda Türkiyə kimi dövlət var. Eyni zamanda Böyük Britaniyanın da maraq dairəsindəyik. Qarşılıqlı əməkdaşlıq irəliləyir, xüsusilə, iqtisadi yöndə gerçəkləşdirilir. BP şirkəti fəaliyyət göstərən ölkədə təxribat, qarşıdurma və yaxud neft borularının hədəfə çevrilməsi Rusiyaya baha başa gələr".