Tokayev Bakıya gələcək! – “Rəsmi Nur-Sultan “nəfəslik” axtarır

“Qazaxıstan mütamadi olaraq Rusiyanın təhdidlərinə məruz qalır”

“Bu təzyiqlər qazax neftinin Rusiya üzərində Avropaya satılması ilə bağlıdır”

“Belə olan halda Tokayev höküməti Xəzər dənizi üzərindən alternativ olaraq Bakı-Tiflis-Ceyhan xətti ilə öz neftini nəql etməyin yollarını arayır”


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfərin avqustun 24-də baş tutacağı gözlənilir. Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.

Dünyada geopolitik qırılmaların baş verdiyi, qütbləşmənin və qarşıdurmalarının artdığı bir vaxtda Tokayevin Azərbaycana səfərini “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Turab Rzayev söyləyib ki, bu  səfər xüsusi önəm daşıyır:

“Hətta normal zamanlarda belə Azərbaycan Türkiyə ilə birlikdə  Orta Asiya türk dövlətləri ilə sıx iqtiasadi, mədəni, siyasi, hərbi əməkdaşlığın tərəfdarı olub. İndi isə belə həssas məqamda bu ölkələrin daha yaxın əlaqələrinə ehtiyac var.

Hazırkı dönəmdə rəsmi Nur-Sultan çox həssas vəziyyətdədir. Bir tərəfdən ölkədə çox böyük Qərb kapitalı mövcuddur. Digər tərəfdən isə ölkə Rusiya və Çin arasında yerləşir. 

Son zamanlar xüsusilə mətbuatda və ictimaiyyət arasında Rusiya ilə Qazaxıstan arasında münasibətlərin korlanmasına dair xəbərlər yayılır. Düşünürəm ki, bu vəziyyətdə Qazaxıstan yeni müttəfiq və dəstəkçilər axtarır. Təbii olaraq, müttəfiqlərin arasında qardaş Azərbaycan və Türkiyəni də görür” .

Qazaxıstanın mütamadi olaraq Rusiya tərəfindən təhdidlərə məruz qaldığını deyən ekspert  vurğulayıb ki, bu qazax neftinin  Rusiya üzərində Avropaya satılması ilə bağlıdır:

“Belə olan halda Tokayev höküməti Xəzər dənizi üzərindən alternativ olaraq Bakı-Tiflis-Ceyhan xətti ilə öz neftini nəql etməyin yollarını axtarır. Əlbəttə ki, bu da müzakirə mövzularından biridir. Hesab edirəm ki, səfər çərçivəsində ölkələrin iqtisadi, mədəni, siyasi əlaqələri ilə bağlı müqavilələr imzalanacaq. Eyni zamanda, hərbi məsələlər də masada ola bilər. Bundan başqa, qazax neftinin xüsusilə Azərbaycan üzərindən çatdırılması və iki ölkə arasında nəqliyyat-lojistik zəncirinin formalaşdırlması və nəqliyyat dəhlizinin inkişaf etdirilməsi əsas müzakirə predmetlərindən biri olacaq”.