“CHP içərisində İmamoğluya qısqanc münasibət də hökm sürür”
“Ərdoğan formulunu tapıb, xarici siyasət faktoru ilə seçicinin etimadını möhkəmləndirəcək”
Türkiyədə Prezident seçkilərinin 2023-cü il iyunun 18-də keçirilməsi planlaşdırılır. Qardaş ölkədə prezident və parlament seçkiləri, yerli qanunvericiliyə görə, eyni gündə reallaşır. Ədalət və İnkişaf Partiyası ( AKP) daha əvvəl bəyan etmişdi ki, onların vahid namizədi hazırkı prezident Rəcəb Tayyib Ərdoğan olacaq. Bu R.T. Ərdoğanın iştirak edəcəyi ikinci seçkidir. Altı partiyanın bloku ilə təmsil olunan müxalifət hələ ki, öz namizədini açıqlamayıb. Seçkilərə həm iqtidar, həm də müxalifət ciddi yanaşır. Türkiyədə baş tutacaq seçkilər Azərbaycanın da diqqət mərkəzindədir.
Seçkilərlə bağlı gözləntilərini “Sherg.az”la bölüşən siyasi analitik Aqşin Kərimovun fikirlərinə görə, indi R.T. Ərdoğanın qarşısında böyük maneələr dayanır. Dünyadakı iqtisadi böhran Türkiyəyə də təsirsiz ötüşmür və ölkədə bahalaşma tüğyan edir:
“Seçki kampaniyası başlamayıb, namizədlər müəyyənləşməyib. Türkiyə seçicisinin ideoloji tutumu güclü olsa da, iqtisadi durumun onların rəyinə təsir göstərməsi mümkündür. R.T. Ərdoğan prezident seçkilərində qələbə qazanmaq istəyirsə, iqtisadi tablodakı qara nöqtələri təmizləməlidir. Yenidən Türkiyə əhalisinin əksəriyyətinin etimadını qazanmalıdır. R.T. Ərdoğan bunun formulunu tapacaq. Eləcə də, xarici siyasət faktoru ilə seçicinin etimadını möhkəmləndirəcək”.
Siyasi şərhçi R.T.Ərdoğanın qarşısına keçə biləcək bir liderin hələki tapılmadığını, üzdə olan klassik siyasətçilərin isə onun alternativi hesab edilmədiyini söyləyir:
“ Müxalifət səylərini toparlayıb R.T. Ərdoğanın önünə yeni sima çıxarmaq üçün çalışır. Ehtimal, İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu onun üçün ciddi rəqib sayıla bilər. Amma hələ onun namizədliyi barədə bir qərar yoxdur. Ümumiyyətlə, Cümhuriyyət Xalq Partiyası ( CHP ) içərisində Ə.İmamoğluya qısqanc münasibət də hökm sürür.
Milliyətçi Hərəkat Partiyası ( MHP ) lideri Dövlət Baxçalının da elektoratı var.
O, siyasi kütlə formalaşdırmaq üçün güclü nitqlərə malikdir. MHP R.T. Ərdoğanın yanında yer alır, bir növ Türkiyənin “dərin dövlətidir”. Eyni zamanda, onun hakimiyyətdə qalmasını dəstəkləyir.
Ədalət və İnkişaf Partiyası ( AKP, red. qurucusu R.T. Ərdoğandır) və MHP-nin səyləri digərlərini üstələyəcək, çünki hər ikisinin seçkinin nəticələrinə təsir edə bilən böyük elektoratı mövcuddur”.