Yaponiya Baş naziri Rusiyaya nüvə təhdidi ilə bağlı xəbərdarlıq edib

"Yaponiya Ukrayna hökuməti və xalqı ilə həmrəydir. Rusiyanın Ukraynaya təcavüzü qəbuledilməz hərəkətdir və bu akt beynəlxalq hüququn əsaslarını yalnız Avropada deyil, həm də Asiyada silkələyib".

APA xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida Krım Platformasının ikinci sammitində çıxışı zamanı deyib.
"Yaponiya Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyib. Biz status-kvonun dəyişdirilməsi üçün birtərəfli cəhdlərə qarşıyıq. Hiroşimadan gələn bir Baş nazir kimi mən heç vaxt nüvə silahlarından istifadə ilə bağlı təhdidə və ya onun istifadəsinə tolerantlıq göstərməyəcəyəm", o vurğulayıb.

Baş nazir Kişida deyib ki, Yaponiya Ukraynaya humanitar və maliyyə dəstəyi verib, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib.

O xatırladıb ki, gələn il G7-ə sədrlik Yaponiyaya keçir və onun ölkəsi Ukraynaya sülhün gəlməsi və ölkənin müharibədən sonra bərpası üçün addımlar atacaq.