Minsk qrupu de-fakto siyasi arenadan silinib - ABŞ-ın mənasız cəhdləri...

  “Həmsədr ölkələr 28 il ərzində işğala son qoymaq yollarını aramaqdansa, ədalətsizliyi ört-basdır etməklə məşğul oldular. Üçlüyün təzyiqlərinə baxmayaraq, Azərbaycan işğalla barışmadı”. Bu sözləri “Sherg.az"a Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Partiya təmsilçisi qeyd edib ki, 28 il davam edən təcavüz və atəşkəsdən maksimum yararlandıq, nəticə göz qabağındadır: “2020-ci ilin payızından etibarən tamamilə nüfuzdan düşmüş Minsk qrupu de-fakto siyasi arenadan silinib. Onu ABŞ-ın yenidən diriltmək cəhdi uğursuz olacaq. Azərbaycan tərəfi Minsk qrupunun hansısa fəaliyyətinə razılıq versə də, bu yalnız sırf texniki və humanitar məsələlərə aid olmalıdır. Həmsədrlik institutu gələcəkdə Ermənistanla münasibətlərin qurulmasına, Zəngəzur dəhlizinin açılmasına və mədəni əlaqələrin yaradılmasına xidmət edə bilər”.


  Analitikin qənaətincə, ABŞ-ın Minsk qrupuna yeni həmsədr təyin etməsi regionda varlığını isbatlamaq məqsədi daşıyır: “Son bir ayda Azərbaycanın Qarabağ iqtisadi rayonunda aktivliyi, Ermənistanı 10 noyabr sazişinin bəndlərini icra etməyə məcbur etməsi, həmçinin, Rusiyanın müttəfiqlik sazişinə sayğı göstərməsi ABŞ-ı narahat etməyə bilməzdi. Görünür, Amerika hansısa formada yekun sülh razılaşmasında iştirak etmək niyyətindədir. Lakin bizim üçün münaqişə bitib. Heç bir beynəlxalq təşkilatın yenidən araya girərək razılaşdırılmış anlaşmaları dəyişdirməyə cəhd etməsinə yol verməməliyik. NATO bölgədə Türkiyə qismində yetərincə təmsil olunur və Azərbaycan Türkiyəyə tam etibar edir”.