İranın Azərbaycana qarşı qeyri-adekvat davranışlarına, bu ölkədəki müxtəlif qüvvələrin apardığı yanlış siyasətə etiraz edən Güney Azərbaycan fəallarına təzyiq göstərilir. Kütləvi İnformasiya Vasitələrində ( KİV )yayılan məlumatlara əsasən, bu təhdid və təqibləri cənub qonşumuzun xüsusi xidmət orqanları həyata keçirir. Ötən gün bir neçə fəal Şərqi Azərbaycan əyalətinin prokurorluğu və kəşfiyyat idarəsinə çağırılıb.İranlı hüquq müdafiəçilərinin bildirdiyinə görə, Mustafa və Əhməd Əşrəfi Liqman qardaşları Təbriz prokurorluğuna gəlmək üçün göstəriş alıblar. Təbriz prokurorluğundan "Amerikanın Səsi"nin əldə etdiyi çağırış vərəqəsinin bir nüsxəsində deyilir ki, “İslam Respublikasının təməllərinə qarşı yönəlmiş fəaliyyətlərdə” ittiham olunan Liqman qardaşlarına prokurorluğun 15-ci şöbəsinə özünümüdafiə üçün müraciət etmək üçün cəmi beş gün vaxt verilib.
"Amerikanın Səsi"nin informasiyasına görə, qardaşlar 15 gün dindirilib, sonra 100 milyon duman qarşılığında sərbəst buraxılıblar. Artıq molla rejiminin soydaşlarımıza qarşı amansız təzyiq və təqiblərin əhatəsi genişlənir.
Mövcud durumu "Sherg.az"a dəyərlədirən politoloq Sədrəddin Soltanın sözlərinə görə, İran hakimiyyətinin təkcə xüsusi xidmət orqanları deyil, bütün güc strukturları, inzibati və mədəniyyət qurumları azərbaycanlı milli fəallara qarşı təyziq göstərir və təqib edirlər:
"Son zamanlar bu hal daha da artmaqdadır. Urmiya gölünün quruması ilə bağlı etiraz aksiyalarında olan, hakimiyyəti tənqid edənlər, ekoloji terror törədən İran hakimiyyətinin təbii fəlakətə laqeyd münasibətinə qarşı çıxanlar təqiblərə məruz qalır. İran hakimiyyəti Güney Azərbaycan türklərinin etirazının qarşısını almağa çalışır.
Onları tutmaqla digərlərinə “nümunə” göstərmək kimi addımlar atır. Yaşından aslı olmayaraq, Güney Azərbaycan türkləri milli haqlarının təmininə, Urmiya gölünə dair problemlərə, ümumilikdə ekoloji terrorlara biganə qalmırlar.
Bütün hadisələr İran hakimiyyətinin Güney azərbaycanlılara rəftarının göstəricisidir.
Çünki Güney Azərbaycan türkləri ayrı-seçkiliklə üzləşir. Halbuki onlar da İran vətəndaşıdır, qanunlara uyğun haqlı tələblərini irəli sürür".