"Ermənistandakı kadr islahatının iki səbəbi ola bilər. Birincisi, məlum olduğu kimi, ABŞ Konqresində Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfər etdi. Bununla da rəsmi İrəvanın daxili arenası və xarici siyasətində bir çox dəyişikliklərə səbəb olacağı yönündə məlumatlar yayıldı".
Bu barədə hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a danışıb. Onun sözlərinə görə, daha sonra Rusiyanın ən yüksək səviyyədəki diplomatları Ermənistanla siyasi əlaqəyə keçiblər:
"Hər halda bu, Ermənistan-ABŞ münasibətlərinin nə dərəcədə dəyişməsi ilə bağlı idi. İndi də Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlər oxuyuruq. Təbii ki, baş verən hadisələrin fonunda Ermənistandakı kadr dəyişikliklərini anlamaq çətin deyil. Bilinir ki, rəsmi İrəvanın siyasi elitası Qərb meyilli olmasına baxmayaraq, güc strukturlarında, xüsusilə də, Ermənistan ordusunda hələ də rus meyilli qüvvələr əsas mövqelərdə dayanırlar. Hərbi prokurorluqda sözügedən dəyişikliklərin yaşanması və xüsusən, Kremldə narazılıqların artması Ermənistanın Amerikadan dəstək alması ilə bağlıdır.
Çünki Ermənistanın baş naziri Nikol Paşinyan iqtidara gəldiyi ilk günlərdən indiyə qədər ölkəsini Rusiyanın asılılığından çıxartmağı hədəfləyib. Əvvəl də dediyimiz kimi, Ermənistan müstəqil dövlətdən daha çox rəsmi Moskvanın layihəsi kimi fəaliyyət göstərir. Yəqin ki, N.Paşinyan da bunun fərqindədir. Reallığı dəyişdirməyə, Ermənistanı Rusiyanın nəzarətindən çıxarıb, müəyyən qədər müstəqil dövlətə çevirməyə çalışır. Hərbi sahədə kadr islahatlarının olduğunu bununla əlaqələndirə bilərik. Amma nə qədər uğurlu olacağı, Rusiya tərəfinin bununla razılaşıb-razılaşmayacağı bilinmir”.
Ekspert onu da diqqətə çatdırıb ki, yaxın günlərdə V.Putinin Ermənistana səfərinin gözlənildiyi bir vaxtda bu, nə dərəcədə realdır, bunu zaman göstərəcək:
“Hər halda Ermənistan dünyada yaşanan dəyişikliklər, ciddi, geosiyasi qarşıdurmalar fonunda müstəqilliyini qısa zamanda qazana və reallaşdıra bilməz. Sadəcə cəhdlər edilir. Səylərin çox uğurlu olacağını da düşünmürəm. Fiqurlar dəyişəcək, amma rəsmi İrəvanın dövlət siyasəti, strukturu, maraqlarının dəyişməsini gözləmək bir az sadəlövhlük olardı. Hələ də düşmən ölkə Rusiyadan asılı vəziyyətdədir. Ermənistanı beynəlxalq hüquq formatında Kremldən başqa müdafiə edə biləcək başqa bir ölkə də yoxdur. Çünki Ermənistan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvüdür, həm də bir tək Rusiya ilə ikili müttəfiq və qarşılıqlı hərbi yardım müqaviləsinə sahibdir. Belə reallıqları gördüyümüz zaman Ermənistanın Rusiyadan ayrılmaq və ciddi struktur dəyişikliyinə getsə də, rəsmi Moskvanın qopmaq şansları çox azdır".
Qeyd edək ki, Ermənistanın hərbi prokuroru və müavinləri vəzifəsindən azad olunub.