Baş diplomatların görüşü! – “Rusiya-Ukrayna cəbhəsi və İran daxilində...”

""Astana prosesi" Rusiya, Türkiyə və İran arasında baş tutan Astana sammitinin davamıdır".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib.
 O bildirib ki, bütün bunlar Suriyada yaşanan hadisələrdən qaynaqlanır:

"Hazırda isə reallıqlar bir qədər fərqlidir. İndiki zamanda təkcə Suriyada deyil, demək olar, dünyanın bütün nöqtələrində münaqişə ocaqlarını, orada davam edən prosesləri müşahidə edirik. Rusiya-Ukrayna cəbhəsi və İran daxilində çox ciddi hadisələrə şahid oluruq. 

Bu gedişatlar fonunda güneyli soydaşlarımızı dəstəkləyirik, hər zaman yanlarındayıq. Digər tərəfdən isə dediyimiz kimi, bu günün gerçəkliyi sadəcə üç ölkəni Suriya ətrafında birləşdirmir.

 Bir sıra məsələlərlə bağlı müzakirələr olmalıdır. Bundan öncə də Səmərqənddə ən yüksək səviyyədə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirildi. 

Türkiyə, Rusiya və İran prezidentləri həmin zirvə toplantısında iştirak etdilər. Orada da bəzi mövzular kontekstində danışıqlar, müzakirələr baş tutmamış deyil. Hər halda pərdəarxası indi gedən proseslərlə bağlı mövzudan kənar söhbətlərin aparılması istisna edilə bilməz".

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Astana Prosesi” çərçivəsində iranlı və rusiyalı həmkarı Hüseyn Əmir Abdullahiyan və Sergey Lavrovla görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də iştirak edib. Görüşün təfərrüatları açıqlanmır.