Kremlin referendum avantürası! – “Rusiya şanslarını tamamilə itirəcək”

“Kremldə tamamilə əmindirlər ki, Ukrayna savaşından məğlub və itkilər ilə ayrılarlarsa, Rusiya adlı dövlət tədricən süquta uğrayacaq”

“Ona görə də ən avantürist metodlarla belə, müqavimət göstərməyə səy göstərir”


"Rusiyanın Ukrayna savaşı ilə bağlı strateji planları tam şəkildə iflasa uğrayıb". 

Bu barədə “Sherg.az”a siyasi şərhçi Elçin Xalidbəyli  bildirib. Onun sözlərinə görə, Kreml savaşa başlayarkən bütün Ukrayna ərazilərinin işğal edilməsini hədəflədi:

"Ancaq bu, baş tutmadı, Rusiyanın gücü çatmadı. Ona görə də Kreml hədəflərini ciddi şəkildə kiçiltdi. Ukraynanın Rusiya ilə sərhəd bölgələrini işğal etməyini qarşısına əsas məqsəd qoydu.

Lakin rəsmi Kiyev ordusunun müdafiə taktikasını dəyişib, hücuma keçməsindən sonra rəsmi Moskva ümumiyyətlə, zəbt etdiyi əraziləri itirmək təhlükəsi ilə üzləşdi. Ona görə də Kreml biabırçı hərbi məğlubiyyətdən xilas olmaq, Rusiya ordusunun ələ keçirdiyi ərazilərin bir qismini öz nəzarətində saxlamaq üçün yollar axtarır. Eyni zamanda Ukraynanın işğal altında olan torpaqlarında Rusiyaya birləşməklə bağlı referendum keçirmək niyyəti də məhz bu məqsədi daşıyır.

Məsələ ondadır ki, ABŞ və Qərb rəsmi Kiyevə Rusiya ərazisinə hərbi zərbələr endirmək imkanları açan silahları vermir. Üstəlik, savaşın rəsmi Moskvanın ərazisinə keçirilməsi cəhdlərini də dəstəkləndiyini bəyan edir. Bu, Kremli referendum ideyasına həvəsləndirir.

Çünki Rusiyada hesab edirlər ki, referendum vasitəsilə Ukraynanın işğal olunmuş əraziləri şimal qonşumuza birləşdirilərsə, rəsmi Kiyevin hərbi əməliyyatları məhdudlaşa və zəifləyə bilər. Guya bu referendum ilə zəbt olunmuş Ukrayna əraziləri Rusiya ərazisi sayılacaq. Həmçinin Qərb rəsmi Kiyevə hərbi əməliyyatları məhdudlaşdırmaq təlimatı verəcək.

Təbii ki, bu, o qədər də real strategiya təsiri bağışlamır. Əksinə, Kreml referendum avantürası ilə Ukrayna savaşına başlayarkən buraxdığı səhvləri növbəti dəfə təkrarlamış olacaq. Dünya dövlətləri Rusiyanın Ukraynada keçirəcəyi qeyri-qanuni referendumun nəticələrini qətiyyən tanımazlar. Çünki məlum "ümumxalq səsvermə" Rusiyanın Ukrayna ərazilərini ələ keçirməsinə hüquqi don geyindirmək cəhdidir.

Kreml referendum avantürasında israrlı olarsa, bu, Rusiyanın beynəlxalq məkanda daha sərt şəkildə ittiham edilməsinə səbəb yarada bilər. Sözügedən avantüra ilə Rusiya müəyyən güzəştlər çərçivəsində sülh sazişinə nail olmaq şanslarını tamamilə itirəcək.

Bütün bunlara baxmayaraq, imperiya modelli mövcudluq ənənəsinə malik olan Rusiya əlindəki son variantları da istifadə etməyə çalışır. Kremldə tamamilə əmindirlər ki, Ukrayna savaşından məğlub və itkilər ilə ayrılarlarsa, Rusiya adlı dövlət tədricən süquta uğrayacaq. Ona görə də ən avantürist metodlarla belə, müqavimət göstərməyə səy göstərir. Kremlin zənnincə, keçmiş SSRİ-ni dağıdan ABŞ və Qərb eyni taktikanı  Rusiyaya qarşı da tətbiq edir.

Yəni Kreml Rusiyanı xilas etmək üçün bütün vasitələrdən, yollardan, o cümlədən də, referendum avantürasından istifadə etməyə cəhd edəcək. Ancaq "ümumxalq səsvermənin" nəticələri beynəlxalq səviyyədə tanınmayacaq. Əksinə, Rusiya daha ağır zərbələrlə üzləşəcək".

Qeyd edək ki, BMT Baş Asssambleyasının 77-ci sessiyasında çıxış edən ABŞ Prezidenti Cozef Bayden Ukraynada keçirilməsi planlaşdırılan “referendum”a münasibət bildirib. O vurğulayıb ki, Kreml Ukrayna torpaqlarını ilhaq etmək üçün saxta referendum təşkil edir: "Biz xəbərdarlıq etmişdik və müharibənin qarşısını almağa çalışmışdıq. Rusiyanın müharibə cinayətləri ilə bağlı çoxlu sübutlar ortaya çıxır. Bu, Ukraynanın bir dövlət kimi mövcudluğuna qarşı savaşdır. Heç bir xalqın torpaqlarını güclə ələ keçirmək olmaz. Bu prosesə mane olan yeganə qüvvə Rusiyadır". 
Həmçinin Belçika Xarici İşlər naziri Adja Labib bildirib ki, artıq Rusiyanın "referendum" ssenarisinə bələdik:
"Rusiya işğal etdiyi ərazilərdə qondarma referendum keçirməklə heç kimi çaşdıra bilməyəcək".