Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyaçeslav Volodini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar. Bundan sonra isə Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı prezidet İlham Əliyev bildirib:
“Əlbəttə, regional təhlükəsizlik məsələləri həmişə bizim münasibətlərimizin gündəliyindədir. Biz bu yaxınlarda Səmərqənddə Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq. Əlbəttə, bizim regionda sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir. Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”.
Dövlət Dumasının sədri isə parlamentlərarası əlaqələrin son dərəcə vacib olduğunu deyib.
“Münasibətlərimiz çox cəhətdən sizin və bizim Prezidentimizin sayəsində inkişaf edir. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzalanıb. Bu, həqiqətən strateji tərəfdaşlıq əsasında əldə edilmiş çox ciddi səviyyədir. Buna görə parlamentlərarası əlaqələri inkişaf etdirməyimiz son dərəcə vacibdir”.
Görüşü “Sherg.az”a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Rusiya Dövlət Dumasının sədrinin Azərbaycana səfəri hər iki ölkənin parlamentlərarası əlaqələrinin güclənməsində mühüm əhəmiyyət kəsb edir:
“Vətən müharibəsindən sonra rəsmi Moskva ilə Azərbaycan arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalanmışdı. Bu sənəd münasibətlərin strateji əhəmiyyətini bir qədər də artırmışdı. Artıq isə yeni əlaqələrin qurulması üçün potensial zəmin yaranıb.
Bu baxımdan parlamentlərarası mexanizimlərin işə düşməsi, hazırkı dönəm üçün çox önəmlidir. Səfəri etibarlı tərəfdaşlığın qurulması baxımından da aktual hesab etmək olar.
Eyni zamanda nəzərə almaq lazımdır ki Ermənistanla sülh müqaviləsinin imzalanmasında da Rusiya vasitəçi kimi çıxış edir.
Duma Sədrinin Azərbaycan səfəri həm də sülhə pozmaq istəyən Ermənistanın addımlarının qarşısını alınması arqumentasiyası ilə də müşayiət olunur. Ona görə də Ermənistanı sülhə məcbur etmək üçün Kremllə dialoqun qurulması önəmlidir.
Digər tərəfdən Sülməramlıların Qarabağda yerləşməsini nəzərə alsaq, Rusiya ilə dialoqun qurulması bu zonanın təhlükəsizliyinin təmin edilməsində də mühüm aspektləri əhatə edir”.