"Ermənistanın Baş naziri Nikol Paşinyan Parisə Azərbaycanla qondarma Dağlıq Qarabağın statusunun müzakirəsini təklif etmək üçün gedib. Onun başlıca məqsədi erməni ictimaiyyətinin və Fransada yaşayan diasporun eşitmək istədiyini demək, görmək istədiyini göstərməkdir".
Bu fikirləri "Sherg.az"a N. Paşinyanın Fransadakı sərsəm açıqlamasına münasibət bildirərkən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov deyib.
Müsahibimiz bildirib ki, Paşinyanın Parisə gedib "Status məsələsi yoxa çıxıb, “Dağlıq Qarabağ” müzakirələri bitib" deməsi qeyri-mümkündür:
"Ermənistanın amalları ilə əməlləri uyğun gəlmir. Onların dilindəki sözlərlə etdikləri əməllər fərqlənir. Səbr edək , erməni ictimaiyyəti sakitləşsin.
Paşinyanın yerində başqa lider olsaydı, Rusiyanın dediklərini yerinə yetirəcəkdi. Cənubi Qafqaz bölgəsində stabillik tarixə daşınacaqdı. Lakin Paşinyan müsbət yöndə fəaliyyətlər aparmağa çalışır. Həm Rusiya, həm Avropa, həm də Azərbaycan-Türkiyə ilə balanslaşdırılmış siyasət yürüdür. Tutalım, Paşinyan sülh müqaviləsi imzaladı. Azərbaycanla Türkiyənin tələblərini yerinə yetirdi. Paşinyanı anında devirərlər. Rusiya da onu devirmək istəyir".
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa səfəri zamanı Azərbaycanla keçmiş SSRİ daxilindəki administrativ sərhədlərin tanınmasının vacibliyini vurğulayıb. O həmçinin Qarabağ münaqişəsinin tənzimlənməsindən ötrü Bakını Xankəndi (ermənilər “Stepanakert” deyirlər) ilə müzakirələrə çağırıb.