Paşinyan Makronun "şparqalka"sını oxuyur

“Amma düşmən elə zənn etməsin ki, yenidən başını qaldıra bilər”

“O, gerçəklikdən uzaq məruzəsi ilə Azərbaycanı qorxuda bilməz. Bütün situasiyalara hazırıq”

"Hər bir ölkənin milli təhlükəsizlik konsepsiyasında dövlətin təhlükəsizliyinin təminatı məsələsi mövcuddur".
Bu barədə "Sherg.az"a siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev danışıb. Onun sözlərinə görə, ölkənin təminatçısı vəzifəsini də dövlətin Prezidenti, Ali Baş Komandan icra edir: 

"Ona görə də Cənab Prezident İlham Əliyevin Füzuli rayonu Qaraxanbəyli kəndindəki çıxışında da bu məsələlərə ətraflı toxundu. Nə qədər ki qonşuluğumuzda erməni var, deməli, risklər də gözləniləndir. Risk olan yerdə təhlükə, təhlükə olan yerdə də təhdid var. Ermənistanın Qarabağda  münaqişə yaradaraq, Azərbaycan ərazilərini nəzarətə götürmək iddialarını bilirik. Xüsusilə də, Fransadan dönəndən sonra Nikol Paşinyanın son çıxışlarında sərsəmlədiyinin şahidi oluruq. Paşinyanın  qeyri-real açıqlamaları ona verilən "şparqalka" əsasında verir. 

Ölkə liderimiz çıxışında “Dəmir yumruğun” var olduğunu ifadə edir. Düşmən elə zənn etməsin ki, yenidən başını qaldıra bilər. O, gerçəklikdən uzaq məruzəsi ilə Azərbaycanı qorxuda bilməz. Bütün situasiyalara hazırıq. Bu istiqamətdə də bir çox işlər görülür. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri yüksək səviyyədə həyata keçirilir. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələri sürətlə tikilib, təhvil verilir. Eyni zamanda Qarabağın yüksəklikləri ordumuzun nəzarətindədir. Bu, çox ağıllı taktikadır. Bundan əlavə, dövlətimiz məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə diqqət göstərir.  Şəhərlərin layihələri hazırlanır. Artıq Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi reallaşdırılmaqdadır. Növbəti ildə Şuşa, Ağdam, Laçında məskunlaşmalar gözlənilir. Bunun kimi bir çox sahələrdə layihələr gerçəkləşdirilməkdədir”. 

Professor diqqətə çatdırıb ki, Azərbaycan Qarabağda nəyə gərək varsa, edir. Eyni zamanda ölkə mediasının da əməyini qeyd etmək lazımdır:

“Media nümayəndələri cəmiyyətimizi maarifləndirir, hadisələrin gedişi ilə tanış edir. Eyni zamanda beynəlxalq müstəvidə də çox ciddi işlər davam etdirilməkdədir. Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin hazırkı mövqeyi çox təqdirəlayiqdir. Məsələlərə sürətlə reaksiya verilir. Ölkə Prezidenti və onun komandası da həm beynəlxalq, həm də regional müstəvidə lazımi səviyyədə işləyirlər". 

Qeyd edək ki, Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxış edib. Dövlət başçısı bildirib: "Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın".