"Əsas məqsəd qərarların icrasını dayandırmaq, sazişləri imzalamaqdan yayınmaqdır.
“Rəsmi İrəvan düşünür ki, yeni asılı olduğu ölkə ermənilərin yerinə müharibə edəcək. Amma bu, yanlış gözləntidir”
Müzəffər Azərbaycan ordusu 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı 44 gün içərisində ermənilərdən azad etdi. Əlbəttə, bu, qarşı tərəfin acı məğlubiyyəti deməkdir. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri üçtərəfli bəyanat imzaladılar. Lakin ilk gündən indiyə qədər düşmən onun bəndləri və tələblərinin icrasından boyun qaçırır. Hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyilləri daha da gücləndi.
Zaman-zaman ardıcıl şəkildə təxribatlara əl atırlar. 13-14 sentyabrda Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı provokasiyası da bunun bariz və pik nümunəsidir. Rəsmi İrəvan regionda yaşanan gərginliyin səngiməməsində maraqlıdır. Düşmən tərəf ağır vəziyyət ab-havasını saxlamaqla beynəlxalq ictimai rəyi manipulyasiya etməyə və Azərbaycanı hədəfə gətirməyə çalışır. Hazırda Qarabağda bərpa və yenidənqurma fəaliyyəti davam etdirilməkdədir. Ermənistan orada görülən işlərin miqyasını aydın şəkildə görür. Eyni zamanda işğaldan azad olunan ərazilərdə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qaçılmaz olduğunu da bilir. Ona görə də bütün bu proseslərə zərbə vurmağa çalışır.
Rəsmi İrəvanın təxribatlarının məqsədi barədə "Sherg.az"a danışan millət vəkili Asim Mollazadə bildirib ki, Ermənistan yenə də danışıqları imitasiya edir:
"Əsas məqsəd qərarların icrasını dayandırmaq, sazişləri imzalamaqdan yayınmaqdır. Ermənilər dəfələrlə zəifləyən imperiyaya xəyanət edib, qarşı tərəfə keçiblər. Tarixdə bir neçə dəfə buna şahid olduq. İndi də Rusiyanın qüvvədən düşməsi Ermənistanı yeni sahib axtarışına sürükləyib. Rəsmi İrəvan düşünür ki, yeni asılı olduğu ölkə ermənilərin yerinə müharibə edəcək. Amma bu, yanlış gözləntidir. Heç kim Ermənistan üçün vuruşası deyil. Düşmən tərəfin yeganə çıxış yolu imzaladığı sənədləri icra etməkdir. Əks halda bu ölkənin mövcudluğu ciddi sual altına düşür".