“Paşinyan separatçıları “tərəf”ə çevirmək istəyir”


“Nikol “Qarabağ yükü”ndən azad olmaq və separatçı-terrorçuların gələcəyi ilə bağlı məsuliyyəti Rusiyanın üzərinə qoymaq niyyəti güdür”

"Rəsmi İrəvan Bakı-Moskva xəttində münaqişə nöqtəsi yaratmaq istəyir"

"İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir.
Paşinyan bildirir ki, “Azərbaycanla sülh müqaviləsinə Qarabağ məsələsi daxil edilməyə bilər”. Bu, rəsmi Bakının “Qarabağ Azərbaycanın daxili məsələsidir” mövqeyinə uyğundur".

Bu fikirləri "Sherg.az"a açıqlamasında analitik Asif Nərimanlı deyib.

Siyasi şərhçinin dediklərinə görə, hərçənd, erməni baş nazir fikrinin davamında gerçək niyyətini açıqlayır: 

" Paşinyan deyir: “Dağlıq Qarabağ üzrə danışıqlar prosesində əsas söz sahibi Qarabağ xalqının seçdiyi nümayəndələr olmalıdır. Azərbaycan “Dağlıq Qarabağla” danışıqlar aparmalıdır”.

Nikolun “Qarabağ yükü”ndən azad olmaq və separatçı-terrorçuların gələcəyi ilə bağlı məsuliyyəti Rusiyanın üzərinə qoymaq, həmçinin, Bakı-Moskva xəttində münaqişə nöqtəsi yaratmaq niyyəti bəllidir. Müharibədən sonra Qarabağla bağlı dəyişən ritorika diqqət çəkir.

Erməni baş nazir müharibədən sonra “status iddiasının aşağı salınması” və “Qarabağda etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” çıxışları ilə İrəvanı prosesdən ayırır. Bakının gündəliyinə yaxın mövqedən çıxış edirdisə, indi 44 günlük müharibədən öncə Qarabağı danışıqlarda tərəf kimi daxil etmək mövqeyini başqa formada təkrarlayır".

Analitik söyləyir ki, Nikol müharibədən sonra ilk dəfə “Azərbaycanla “Dağlıq Qarabağ” arasında danışıqlar başlasa, yaxşı olar” tezisini Fransada Makronla görüş zamanı dilə gətirdi. Bu bölgədə şərtlərin dəyişməsi, daha doğrusu, dəyişmək perspektivinin yaranmasından qaynaqlanır:

" Eləcə də, bölgəyə dair siyasətini “münaqişənin bitmədiyi”, “status” və “Minsk qrupu” üzərindən həyata keçirən Qərb ölkələrinin, xüsusilə Fransanın “əlinə oynamaqdır”.

Bütün hallarda – Qarabağ məsələsi Bakı və Moskvanın məsələsinə çevrilərsə, yaxud “tərəf” olması iddiası aktuallaşarsa -, nəticənin nə olmasından asılı olmayaraq, Paşinyan “yük” olaraq gördüyü məsələni üzərindən atır. “Qarabağ ərazi yox, hüquqi münaqişədir” tezisini gücləndirməyə çalışır. 

Qarabağda müəyyən proseslərin yaşanması istisna deyil. Xüsusilə separatçıları “tərəfə” çevirmək məqsədilə “etnik ermənilərin hüquqlarının pozulması, təhlükəsizliyinin təmin edilməməsi” halları yaradıla, Bakının irəli sürdüyü “birgəyaşayış” prinsipinin mümkünsüzlüyünü ispatlamağa hesablanan addımlar atıla bilər".