Öz gözündə "tiri" görməyib, başqa gözdə "tük" axtaran Fransa...

“ Bir neçə gün öncə hansısa Afrika ölkəsində Fransa səfirliyinə hücum edildi. Rəsmi Paris bunun  hüquqa zidd olduğunu bəyan etdi”

“Lakin öz paytaxlarında, şəhərin mərkəzində yerləşən Azərbaycan səfirliyinə hücumların olmasına şərait yaradırlar”

“Bu o deməkdir ki, onlar beynəlxalq qanunu başqalarında axtarır, amma özləri tətbiq edə bilmir”


Fransa səfiri Zakari Qros oktyabrın 3-də Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Görüşdə oktyabrın 1-də Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən növbəti vandalizm aktı ilə bağlı etiraz notası  təqdim edilib.Söhbət zamanı  son zamanlar Azərbaycanın Fransanın ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı bu ölkədə məskunlaşan radikal erməni qrupları tərəfindən hücumların sayının artdığı qeyd edilib. 

Növbəti belə bir hücumun isə oktyabrın 1-də gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı müqabil tərəfin diqqətinə çatdırılıb. Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilməsinə baxmayaraq ,Fransız hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi vurğulanıb. Rəsmi Parisin səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.

Beynəlxalq hüquqdan danışan ölkənin özünün bu normalara riayət etmədiyini deyən AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov “Sherg.az”a bildirib ki, bu məsələ qəbulolunmazdır:

“ Bir neçə gün öncə hansısa Afrika ölkəsində Fransa səfirliyinə hücum edildi. Bunun nəticəsində də fransızlar böyük bir bəyanat verdilər və hücumun hüquqa zidd olduğunu dedilər. Lakin öz paytaxlarında, şəhərin mərkəzində yerləşən Azərbaycan səfirliyinə hücumların olmasına şərait yaradırlar. Bu o deməkdir ki, onlar beynəlxalq qanunu başqalarında axtarır, amma özləri tətbiq edə bilmir. 

Ümumilikdə isə bu məsələ qəbulolunmazdır. Xarici işlər Nazirliyi tərəfindən səfirə notanın verilməsi və mənəvi təzminatın tələb olunması çox məntiqli bir addımdır. Sentyabr ayındakı hücumda mən də  Fransada idim. Yolun o birisi tərəfində Avropa Şurasının iclası idi. Bu birisi tərəfdə isə səfirliyimizə hücum olunurdu.

 Bu o deməkdir ki, onlar ermənilərin təxribatının qarşısını öz ölkələrində ala bilmirlər. Gəlib Qarabağda nəyi saxlaya biləcəklər. Fransa gedib öz paytaxdındakı təxribatın qarşısını alsın, sonra Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllində iştirak etsin. 

Digər tərəfdən isə bütün bu proses, rəsmi Parisin ermənipərəst siyasət yürütdüyünü və ikili standartlar tədbiq etdiyini bir daha sübut edir”.