"İllərdir, Qarabağ məsələsində Azərbaycana qarşı ədalətsizliklər olub".
Bu sözləri "Sherg.az"a açıqlamasında Ağ Partiya başqanının müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirib. Onun sözlərinə görə, burada ilk olaraq, din amili rol oynayır:
"Avropa və Amerika istər Birinci, istər İkinci, istərsə də atəşkəs dövründə Ermənistanın yanında olub. Azərbaycan rəsmi İrəvanın işğalına məruz qalıb. Amma nədənsə sanksiyalar yenə də bizim ölkəyə qarşı tətbiq edilir. İşğalçı tərəf isə heç vaxt hansısa əməlinə görə cavabdehlik daşımayıb.
Lakin başqa bir amil də mövcuddur. Uzun illərdir, Xarici İşlər Nazirliyi, səfirliklər, konsulluqlar, diaspor zəif işləyir. Fransa parlamentində səsvermə gedir. Bir nəfər də olsun, Azərbaycanın lehinə səs vermir. Bu da həmçinin ölkəmizin diplomatiyasının çox uğursuz nailiyyətidir. Ümid edirəm ki, Azərbaycan həqiqətlərini Qərbə çatdıra biləcəklər".
Qeyd edək ki, Rəsmi Bakı Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına sərt reaksiya verib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə yayılan videolarla bağlı Azərbaycan tərəfini hərbi cinayətlərdə ittiham edən Ermənistan XİN-nə tərəfimizdən rəsmi açıqlama ilə münasibət bildirilib və mövqeyimiz diqqətə çatdırılıb.