Əsas hədəf:“Rusiyasız Qafqaz evi yaratmaqdır”

 “Praqa görüşündə də məsələnin həllinə və rəsmi Moskvanı uzaqlaşdırmağa nail olmaq lazımdır”

“Sərhədlərdə baş verən insidentlərdə isə bir başa Kremlin əli olduğunu düşünürəm” 


Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 Sual yaranır ki bu gün Praqada Azərbaycan, Ermənistan, Türkiyə və Fransa liderlərinin görüşlərinin planlaşdırıldığı ərəfədə, sülh müqaviləsinin müzakirə edildiyi bir zamanda bu təxribatlar nəyə hesablanıb?

Ermənistanda Kremlin xeyli siyasi uzantılarının olduğunu deyən AY Partiya sədri Anar Əsədli “Sherg.az”a bildirib ki, rəsmi İrəvan və Bakı arasında Brüssel formatında sülh danışıqlarının başladığı andan Rusiya bu prosesləri pozmaq üçün əlindən  gələni edir:

“Ermənistanda rəsmi Moskvanın gözü və qulağı olan Koçaryan,Sarkisyan kimi qüvvəllər var. Rusiyaya bağlı bu şəxslər Azərbaycanın Avropa formatında və vasitəçisiz,  Ermənistanla bir araya gəlib sülhü müzakirə etməsinə mane olurlar. İki ildir, bayən edirik ki, diplomatiyamızın əsas qayələrindən biri Ermənistanla sülhə imza atmaqdır. Çünki bu sülh “xoşməramlı” olmayan Rus sülhməramlılarının, Qarabağdan çıxarılması deməkdir. Ona görə ki, bölgədə Kremlə ehtiyac yoxdur  və Azərbaycan vətəndaşı olan ermənilər bizim zəmanətimizlə bu torpaqlarda yaşaya biləcəklər. Rəsmi Moskva isə buna mane olur. Hər dəfə Avropada görüşlər keçirilib nəyəsə nail olduqda, Putinə bağlı erməni qüvvələri sərhədlərdə atəşkəsi pozur və separatçılıq edirlər”.

Partiya rəhbəri qeyd edib ki, bölgədə Kremlin uzantıları təmizlənmədikcə bu kimi təxribtların tez-tez şahidi olacayıq:

“Azərbaycan və Ermənistan Praqadakı 4- lü formatda, sülhə gedən bütün maneələri aradan qaldırmalıdırlar. Bizim əsas hədəfimiz Rusiyasız Qafqaz evi yaratmaqdır. Bunun üçünsə ən yaxşı format Avropanın vasitəçiliyidir. Bu gün cənab prezident İlham Əliyev də Şarl Mişelə gostərdikləri səyə görə təşəkkürlərini bildirdi. Bu da onu göstərir ki, rəsmi Bakı doğru yoldadır. Praqa görüşündə də məsələnin həllinə və Rusiyanı uzaqlaşdırmağa nail olmaq lazımdır. Sərhədlərdə baş verən insidentlərdə isə bir başa Kremlin əli olduğunu düşünürəm”.