Türkiyə və İsrail arasında “buzlar əriyir”


“Hər iki ölkə indiki şəraitdə regional qarşıdurmanın onların ziyanına, 3-cü qüvvələrin isə xeyirinə işləyəcəyini yaxşı dərk edir”
 

Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesində daha bir mühüm addım atılıb.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncamla İsrailə səfir təyin edilib. Şakir Özkan Torunlar 4 il aradan sonra Türkiyənin İsrailə təyin etdiyi ilk səfir olub.
Xatırladaq ki, İsrail ötən ay Türkiyəyə İrit Lillianı səfir təyin etmişdi.

Tərəflərin regional və beynəlxalq vəziyyəti nəzərə aldıqlarını deyən politoloq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki,Türkiyə və İsrail öz maraqlarını tənzimləmək niyyətindədilər:

“Hər iki ölkə indiki şəraitdə regional qarşıdurmanın onların ziyanına, 3-cü qüvvələrin isə xeyirinə işləyəcəyini yaxşı dərk edir. 
Yəni 3-cü qüvvələr iki regional nəhəng arasındakı qarşıdurmadan öz xeyrinə istifadə edərək, nüfuzunu artıra bilər.

 Bu yaxınlaşmanın əsas məqsədlərindən biri də, məhz bunun qarşısını almaqdır. Bəs bu 3-cü tərəf kimdir. Burada ən çox İranın adı hallanır. 

Bu qarşıdurmada qazanan tərəf İran ola bilərdi. Rəsmi Təl-Əviv və Ankara bunun istəmir. Əlbəttə, hər iki ölkənin  öz maraqları var. Lakin bəzi hallarda bu maraqlar üst -üstə düşür. 

Xüsusilə də, Azərbaycana olan münasibətlər daha çox kəsişir. Onlar əlaqələri yaxşılaşdıraraq, regiondakı mövqelərini gücləndirməyə çalışırlar”.