Raket terroru Rusiya üçün yalnız təbliğat effekti olacaq


"Bu tip cinayətkar əmrlər və əməllər Ukrayna xalqının və ordusunun mübarizə əzmini daha da artıracaq"
  “Putin rejimi eskalasiyanı mümkün olduğu qədər artırmaqla dünyanı qorxudub, siyasi nəticə əldə etmək istəyir. Məqsəd Ukrayna və ya Qərblə masaya oturub, Moskvanın tələblərinin ən azı bir qisminin yerinə yetirilməsi şərti ilə müharibənin dayandırılmasından ibarətdir”. Bu sözləri “ Şərq”ə açıqlamasında politoloq Şahin Cəfərli deyib.
  Politoloqun sözlərinə görə, artıq Rusiya cəbhədə tükənib və nəinki böyük hücum əməliyyatları keçirmək, hətta effektiv müdafiə olunmaq imkanlarını da itiriblər: “Dneprin sağ sahilindəki qruplaşmanın ləğvi zaman məsələsidir. Zaporojye istiqamətindən başlanacaq Ukrayna hücumu isə müharibənin taleyini həll edə bilər. Rusiyanın səfərbərliyə alınan ehtiyat qüvvələrinin təlim və hazırlığının dekabr ayında yekunlaşacağı gözlənilir, lakin bunların cəbhədə radikal dönüş yaradacağı şübhə doğurur. Bu səbəblərdən indiki mərhələdə Putinin nəticə ala biləcəyi yeganə üsul "dəli adam" roluna girib, "məni çox sıxmayın, dünyanı yıxaram, nüvə də ataram" mesajını verməkdir. Çünki belə olanda Qərbdə bir çox çevrəni təsir altına alıb, onları "no şar" çağırışı ilə hərəkətə keçməyə vadar etmək mümkün olur”.
  Putinin Kiyevə istiqamətlənən raket terrorunun konkret səbəblərinə gəldikdə isə Ş.Cəfərli deyib ki, Krım körpüsü kimi mühüm siyasi simvola çevrilmiş nəhəng konstruksiyanın və Rusiyanın Ukraynanın cənubundakı işğal qruplaşmasının strateji logistikasının vurulması birbaşa Putinin xarizmasının çalın-çarpaz cızılması və onun bütün dünyanın gözü önündə alçaldılması deməkdir: “Putin buna bütün dünyanın görəcəyi və danışacağı bir cavab vermək istədi. Digər tərəfdən, ciddi cavab tədbirləri tələb edən propaqandistlərin iştahına uyğun "yemək" təqdim etmək, onları razı salmaq, onlara müzakirə mövzusu vermək ehtiyacı da var. Putin rejimi özünün yaratdığı bu "frankenşteyn"in əsirinə çevrilib. Solovyovlar, skabeyevalar, simonyanlar və digərləri artıq dövlət siyasətinə ciddi təsir edəcək gücə çatıblar. Lakin raket terrorunun Rusiya üçün yalnız təbliğati effekti olacaq. Bu tip cinayətkar əmrlər və əməllər Ukrayna xalqının və ordusunun mübarizə əzmini daha da artıracaq, eyni zamanda müttəfiqlərin bu ölkəyə daha ciddi silah sistemləri göndərməsinə səbəb olacaq”.