"Azərbaycan prezidenti İlham Əliyevlə İran hökumət başçısı Seyid İbrahim Rəisi arasında Astanada keçirilən sammit çərçivəsində görüş olub. Şübhəsiz ki, ciddi sənəd qəbul olunmayıb. Amma hər halda tərəflərin müzakirə etməsi üçün çoxsaylı mövzular var".
Bu sözləri politoloq Sədrəddin Soltan "Sherg.az"a deyib. Onun sözlərinə görə, ilk növbədə regionda yaranmaqda olan yeni məsələlər müzakirə edilib:
"Ermənistan - Azərbaycan sərhədyanı bölgəsinə Avropa İttifaqı Şurasının mülki missiyasının gəlməsi də əsas müzakirələrdəndir.
Azərbaycan və İran arasında energetika sahəsində perspektiv əməkdaşlıq istiqamətində də fikir mübadilələrinin aparılması mümkündür.
Həmçinin İranın Azərbaycanla bağlı qaldırdığı bir sıra şübhəli məqamlara aydınlıq gətirilə bilər. Eləcə də rəsmi Tehranın rəsmi İrəvanla əlaqələri barədə söhbətlərın aparılacağı gözləniləndir. Ölkəmizlə İran arasında çoxsaylı problemlər var.
Müxtəlif istiqamətlərdə əməkdaşlıq potensialları mövcuddur.
Hesab edirəm ki, Azərbaycan və İran dövlət başçılarının arasında müzakirə ediləsi mövzular çoxdur. Əsaslarına diqqət ayrılır. İran tərəfi İsrail hərbi rəsmisinin ötən həftə Bakıya səfərindən çox narahat olub. Bu məsələyə də S.İ.Rəisinin diqqət göstərəcəyi istisna deyil".
Qeyd edək ki, Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.